DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Naxçıvanda İnsan Alverinə Qarşı Dünya Mübarizə Gününə həsr olunan beynəlxalq konfrans keçirilib

30.07.2016

Naxçıvan Biznes Mərkəzində ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə 30 iyul - İnsan Alverinə Qarşı Dünya Mübarizə Gününə həsr olunan beynəlxalq konfrans keçirilib. 
Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Konfransın açılış mərasimində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak çıxış edərək, tədbirin keçirilməsində göstərilən dəstəyə görə muxtar respublika rəhbərliyinə minnətdarlığını bildirib.
Sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Əli Tağıyev çıxış edərək, konfrans iştirakçılarına uğurlar arzulayıb.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Mikaela Meredis çıxışında qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycanla birgə insan alverinə qarşı mübarizə aparır: “İşimizdə uğurlar əldə edilsə də, bu sahədə yenə də problemlər qalır. İnsan alveri ilə məşğul olanlar hələ də hüquq-mühafizə orqanlarından yayına bilirlər. Belə olan halda dövlət və ictimaiyyət bu cinayəti ifşa etmək üçün dəstək verməlidir. Eyni zamanda, dünya dövlətləri bu cinayətlə mübarizədə onun qurbanlarının ehtiyaclarını da təmin etməlidirlər”.

Mikaela Meredis bildirib ki, Azərbaycana göstərilən dəstək hər zaman tərəfdaşlıq üzərində qurulub. Bu tərəfdaşlıq Azərbaycan hökumətinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyənləşdirdiyi prioritetlərə əsasən davam edir. Bu prioritetlərdən biri də insan alverinə qarşı mübarizədir. 2015-ci ilin oktyabr ayından etibarən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə insan alverinə qarşı mübarizə fəaliyyətini “İnsan Alverinə Qarşı Mübarizə” layihəsi ilə həyata keçirir. Bu layihə çərçivəsində insan alveri qurbanlarının sığınacaqları və onların imkanlarının genişlənməsi üçün dəstək verilir. 
Layihə, eyni zamanda, bu sığınacaqda olan insan alveri qurbanlarına hüquqi, sosial, psixoloji və reabilitasiya yardımı göstərir. ABŞ Dövlət Departamentinin Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən icra edilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi” layihəsini vurğulayan Mikaela Meredis deyib ki, layihə səhiyyə işçilərinin insan alveri qurbanlarının müəyyənləşdirilməsi və onlara müvafiq yardımların göstərilməsi üçün texniki imkanlarının genişləndirilməsi məqsədini daşıyır. Layihə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin tərəfdaşlığı ilə birgə həyata keçirilir.
Xanım Mikaela Meredis Azərbaycan Respublikası Prezidentinin 2014-cü il iyulun 24-də imzaladığı Sərəncamla təsdiq olunan “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın Azərbaycanda bütün səviyyələrdə insan alverinə qarşı mübarizənin davamlılığını nümayiş etdirdiyini vurğulayıb, bu istiqamətdə göstərilən səylərə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai 30 İyul - İnsan Alverinə Qarşı Dünya Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfransın işində göstərdiyi dəstəyə görə təşkilatçılara minnətdarlığını bildirib, belə bir tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib. Qeyd olunub ki, BMT tərəfindən iyulun 30-nun İnsan Alverinə Qarşı Dünya Mübarizə Günü elan edilməsində məqsəd ictimaiyyətin diqqətini bu qlobal problemə yönəltmək və buna qarşı birgə mübarizə aparmaqdan ibarətdir. Utandırıcı haldır ki, XXI əsrdə biz hələ də insan alverinin müxtəlif növləri ilə rastlaşırıq və hazırda dünyada insan alveri qurbanlarının sayı 20 milyondur. İnsan alveri təkcə ayrı-ayrı ölkələr üçün problem yaratmır, eyni zamanda, transmilli cinayətkarlığa yol açır. Buna görə də biz hamılıqla bu problemə qarşı mübarizə aparmalıyıq.
Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç, Beynəlxalq Miqrasiya Təşkilatının Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Argentina Szabados çıxışlarında insan alverini müasir dövrün köləliyi adlandıraraq, bunu insanlığa qarşı cinayət adlandırıblar. Bütün dünya dövlətləri tərəfindən birgə mübarizənin vacibliyini vurğulayan natiqlər Azərbaycan hökumətini bu sahədə göstərdiyi səylərə görə dəstəklədiklərini bildiriblər.
Sonra konfrans işini panel müzakirələri ilə davam etdirib.
Konfransda yerli və xarici ekspertlər, ictimai birliklərin və kütləvi informasiya vasitələrinin, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Naxçıvan Muxtar Respublika Prokurorluğunun, Daxili İşlər, Ədliyyə, Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinin, Dövlət Miqrasiya Xidmətinin, Gömrük Komitəsinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının və digər müvafiq qurumların nümayəndələri iştirak ediblər.