DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən

03.04.2018


Son günlər ayrı-ayrı internet informasiya resurslarında fəaliyyəti ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq müstəntiqi, ciddi qanun pozuntularına yol verdiyinə görə orqandan xaric olunmuş, hazırda ölkə hüdudlarından kənarda yaşayan, oradan dövlətimizə və xalqımıza qarşı qarayaxma kampaniyasında fəal iştirak edən Ramin Nağıyevin “Turan.tv”-yə verdiyi müsahibənin mətni yayımlanmışdır.

Birmənalı olaraq bildiririk ki, müsahibədə qeyd olunan iddialar tamamilə yalan və böhtan xarakterli olmaqla polis, prokurorluq və digər hüquq mühafizə orqanlarının cinayətkarlığa qarşı apardığı səmərəli mübarizəyə kölgə salmaq məqsədi daşıyır və həqiqətə zidd olmaqla bir-birini təkzib edən saxta uydurmalardan başqa bir şey deyil.

Polis, prokurorluq və digər hüquq mühafizə orqanlarının peşəkarlıqla həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, o vaxtkı Xüsusi təyinatlı polis dəstəsinin komandiri Rövşən Cavadov, qardaşı Mahir Cavadov, eləcə də Əliyusif Tahirov, Elçin Əmiraslanov, Dəyanət Kərimov, Sultan Səlimov, Səxavət Hümbətov, Şəmsi Abdullayev və qeyriləri silahlı cinayətkar birlik təşkil edərək cəmiyyətdə dövlətə qarşı inamsızlıq hissi formalaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, hakimiyyəti qanunsuz yolla ələ keçirmək və bu cinayətkar niyyətlərinin reallaşmasında onlara mane ola biləcək dövlət və ictimai xadimlərin terror yolu ilə aradan götürülməsi üçün sui-qəsd planları işləyib hazırlamışlar. Onların  1993-cü ilin aprel ayının 23-də Bakı Ali Hərbi Dənizçilik Məktəbinin rəisi Eduard Hüseynovun, 1994-cü ilin sentyabr ayının 29-da Ali Sovetin sədr müavini Afiyəddin Cəlilovun və Prezident yanında Xüsusi idarənin rəisi Şəmsi Rəhimovun qətlə yetirilmələri təkzibolunmaz dəlillərlə tam sübuta yetirilmişdir.

Təqsirləndirilən şəxslərin cinayət əməlləri cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq qaydada çəkişmə, aşkarlıq, obyektivlik, müdafiə hüququnun təmin edilməsi və digər prinsiplərinə riayət olunmaqla toplanmış dəlillərlə, özlərinin etirafı, şahid və zərər çəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə hökmlərinə əsasən, təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməllərini Rövşən və Mahir Cavadov qardaşlarının ləğv olunmuş Xüsusi təyinatlı polis dəstəsinin üzvləri və qeyrilərini cəlb etməklə təşkil və rəhbərlik etdikləri, sabit silahlı qrup tərəfindən hakimiyyətin zorla ələ keçirilməsi, ictimai qaydanın qorunması ilə əlaqədar Azərbaycan Respublikasının dövlət orqanlarının normal fəaliyyətinin sarsıdılması, bandanın bu kimi hazırlanan və törədilmiş cinayət əməllərindən məlumatlı olan vəzifəli şəxslərin fiziki məhvi məqsədi ilə törədilməsi tutarlı dəlillərlə sübuta yetirilmişdir.

Törətdikləri ağır cinayət əməllərinə görə həmin birlik və bandaların əksər üzvləri Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmələrin hökmü ilə ömürlük və digər uzun müddətli azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişlər.

Vətəndaşlarımızın nəzərinə onu da çatdırmaq istərdik ki, qanunsuz yolla hakimiyyətə yiyələnmək məqsədi ilə terror hadisələri  törətməkdən belə çəkinməyən silahlı mütəşəkkil cinayətkar dəstənin üzvləri və onların havadarları hələ də vaxtilə həyata keçirdikləri qətlləri müxtəlif üsullarla pərdələməklə ictimaiyyətin gözündə özlərinin günahsız, məsum obrazlarını yaratmağa uğursuz cəhdlər edirlər. Unudurlar ki, görkəmli dövlət xadimlərinin qətlə yetirilməsi ilə nəticələnmiş ağır cinayətlərin müəllifləri məhz özləridir. Buna görə də onlar qanunla müəyyən olunmuş cəzadan əlavə, həm də xalqımızın ən qatı nifrətini ömürlük qazanıblar.