DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Azərbaycan Respublikası Prokurorluğunun və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərindən

14.07.2009

Məsələyə rəsmi dövlət orqanları tərəfindən ikinci dəfə reaksiya verilməsinin səbəbi son günlər müxtəlif mətbu orqanlarında təqsirləndirilən şəxslərin və onların yaxınlarının verdikləri həqiqətdən uzaq məlumatların yayılması, cinayət işinin istintaqının qeyri-obyektiv aparılması barədə fikrin formalaşdırılmasına və hadisənin  siyasiləşdirilməsinə edilən cəhdlərdir.

Polis və prokurorluğun məlumatında, saxlanılanların ilk andan vəkil ilə təmin edilmələri və müvafiq cinayət işinin istintaqının nəzarətdə saxlanılmasının vurğulanmasına baxmayaraq, Adnan Hacızadənin və Emin Abdullayevin naməlum şəxslər tərəfindən döyülməsi, hücum edənlərin sərbəst buraxıldıqları halda onların həbs olunması, vəkilləri ilə əlaqə saxlamağa və lazımi tibbi yardım almağa imkan yaradılmaması, bu haqda bəzi beynəlxalq təşkilatlar və ölkədəki səfirliklər tərəfindən  Azərbaycan hökumətinin yüksək vəzifəli şəxsləri və hüquq-mühafizə orqanları qarşısında məsələ qaldırılması vurğulanaraq tutulmuş şəxslərin hüquqlarına hörmətlə yanaşılması xahiş edilir.

 Hadisənin təfərrüatları ilə bağlı bir daha bildiririk ki, 2009-cu il iyulun 8-də, təxminən saat 18.00 radələrində içkili vəziyyətdə olan Adnan Hacızadə, habelə Emin Abdullayev və daha beş nəfər "Lebonese" restoran-barında ucadan etik normadan kənar nalayiq ifadələr işlətdiklərinə görə onlara irad tutan vətəndaşlar Vüsal Məmmədov və Babək Hüseynova qarşı heç bir səbəb olmadan fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol vermişlər.

Hadisə yerinə polis əməkdaşları gələnədək Adnan Hacızadə ilə bir yerdə olmuş şəxslərdən dördü qaçmış, lakin üç nəfəri saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə gətirilmişdir.

Müvafiq tibbi müayinələrlə Adnan Hacızadənin orta, Orxan Qafarovun yüngül dərəcəli sərxoşluq vəziyyətində olmaları, Emin Abdullayev, Vüsal Məmmədov və Babək Hüseynovun spirtli içki qəbul etmədikləri müəyyən olunmuşdur. Hadisə zamanı xəsarət almış Babək Hüseynova ilkin tibbi yardım göstərilmiş, Vüsal Məmmədov isə kəllə-beyin silkələnməsi diaqnozu ilə stasionar müalicəyə yerləşdirilmişdir.  

Fakt üzrə Səbail rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1 maddəsi ilə (bir qrup şəxs tərəfindən xuliqanlıq) cinayət işi başlanmışdır. Adnan Hacızadə və  Emin Abdullayev şübhəli şəxs qismində saxlanılmış və ilkin andan vəkil Vaqif Məmmədov onların hüquqlarının müdafiəçisi qismində iştirak etmişdir. Sonradan rəsmi orderlə müraciət etmiş vəkillər İsaxan Aşurov və Elton Quliyev də adları çəkilən şəxslərin hüquqlarının müdafiəsinə qoşulduqlarından vəkil V.Məmmədovun cinayət prosesində iştirakına xitam verilmişdir.

Toplanmış sübutlara əsasən 2009-cu il iyulun 10-da, müdafiəçilərinin iştirakı ilə, Adnan Hacızadə və Emin Abdullayev ittihamın mahiyyəti üzrə dindirilmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri onlara izah olunmaqla bu barədə protokol tərtib edilmişdir.

Hadisənin şahidləri müəyyən edilərək dindirilmişlər. Onlar Vüsal Məmmədov və Babək Hüseynovun qonşu masada əyləşən şəxslər tərəfindən döyüldüklərini təsdiq etmişlər.  

Zərərçəkmiş və təqsirləndirilən şəxslərin aldıqları xəsarətlərin dərəcəsinin və yaranma mexanizminin aydınlaşdırılması üçün iyulun 9-da müvafiq qərarla Vüsal Məmmədov, Babək Hüseynov, Adnan Hacızadə və Emin Abdullayevin barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

Təqsirləndirilən şəxslərlə birlikdə hadisə yerində olmuş Ülvi Həsənli, Nurəddin Babayev, Pərviz və Bəhram adlı şəxslərin müəyyən olunaraq dindirilməsi,  tərəflərin göstərdiyi xüsusatlar yoxlanılmaqla cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması yönümündə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İşin faktiki hallarını, eləcə də vətəndaş Vüsal Məmmədova və Babək Hüseynova qərəzli xuliqanlıq zəminində xəsarət yetirildiyini nəzərə alan Səbail Rayon Məhkəməsi tərəfindən iyulun 10-da Adnan Hacızadə və  Emin Abdullayev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə əsl həqiqətləri təkrarən diqqətə çatdırmaqla bərabər, onu da qeyd etməyi vacib sayırıq ki, istitaqın gedişində bu hadisə ilə bağlı digər şəxslərin əməllərində hüquq pozuntusunun əlamətləri müəyyən edildiyi təqdirdə, onların da hərəkətlərinə müvafiq hüquqi qiymət veriləcəkdir.

Adi bir xuliqanlıq hadisəsi ilə əlaqədar aparılan cinayət işinin istintaqına əvvəlcədən şübhə ilə yanaşmaq, onun obyektivliyinə kölgə salan bəyanatlarla çıxış etmək hallarına qəti etiraz bildiririk. Belə mövqeni Azərbaycanda demokratiyanın inkişafında, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında dövlətin deyil, yalnız xarici ölkələrin və beynəlxalq təşkilatların maraqlı olmaları barədə cəmiyyətdə yanlış fikir formalaşdırılmasına yönəlmiş uğursuz cəhdlər və istintaqa təzyiq kimi qiymətləndiririk. Ayrı-ayrı xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin öz diplomatik missiyalarından irəli gələn vəzifələrdən kənar - qəbul edən ölkənin daxili işlərinə qarışmasını isə təəssüf doğuran bir hal kimi nəzərə çatdıraraq onları istintaqın gedişatına edilən müdaxilələrə son qoymağa çağırırıq.