Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

18.02.2010

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 18-də ölkəmizdə səfərdə olan Polşa Respublikasının Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Azərbaycanla Polşa arasında əlaqələrin son illər yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan nazir hər iki ölkə başçılarının qarşılıqlı səfərlərinin, görüşlərinin və bağlanmış sazişlərin dövlətlərimiz arasında münasibətlərin inkişafında geniş hüquqi əsaslar yaratdığını və onun yeni səviyyəyə qalxmasına təkan verdiyini bildirmişdir.

Qeyd olunmuşdur ki, iki ölkənin sürətlə inkişaf edən əməkdaşlığı daxili işlər orqanları arasında olan əlaqələrə də müsbət təsir göstərmişdir. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan Respublikası daxili işlər nazirinin 2008-ci ilin iyun ayında Varşavaya səfəri zamanı iki ölkənin daxili işlər nazirləri “Beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıq və digər cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq” haqqında hökumətlərarası saziş imzalamışlar.

Daha sonra qonaqlara ölkədəki kriminogen durumla bağlı qısa məlumat verilmiş, əməliyyat şəraitinin nəzarət altında olduğu bildirilmişdir.

Cənab Ramil Usubov bütün sahələrdə olduğu kimi, daxili işlər orqanlarında da demokratik prinsiplərə əsaslanan köklü islahatlar aparıldığını, Avropa Şurası ekspertlərinin rəyləri nəzərə alınmaqla polisin fəaliyyətini tənzimləyən yeni qanunvericilik bazasının yaradıldığını qeyd etmişdir.

Görüşdə bütün bəşəriyyəti narahat edən transmilli mütəşəkkil cinayətkarlıq və onun ayrı-ayrı növləri ilə mübarizə məsələlərinə də toxunulmuş, bu sahədə hər iki dövlətin səylərini daha sıx birləşdirməyin, beynəlxalq miqyaslı cinayətlərin açılmasına yardım edən təcrübə və informasiya mübadiləsinin zəruriliyi vurğulanmışdır.

geriyə