DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:
image_1286867468_07.10.10-ikonka.jpg

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

07.10.2010

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 7-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçkiləri müşahidə missiyasının rəhbəri səfir xanım Odri Qloveri qəbul etmişdir.

Qonağı salamlayan nazir asayişin qorunması sahəsində görülən işlər, eləcə də seçkiqabağı və seçki dövründə polisin qarşısında duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, parlament seçkilərinə hazırlıq dövründə və seçki zamanı baş verə biləcək qanun pozuntularının qarşısının alınması, seçkilərin müvafiq qanunların tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsi  və bu məsələ ilə əlaqədar daxili işlər orqanlarının üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin təmin olunması məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən xüsusi Tədbirlər Planı hazırlanmışdır. Eyni zamanda Mərkəzi Seçki Komissiyası ilə birlikdə “Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair yaddaş kitabçası” hazırlanaraq çap etdirilmişdir. Kitabçada polis əməkdaşının seçkiqabağı təşviqat dövründə, rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində, eləcə də səsvermə günü öz xidməti  vəzifərlərini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Seçkilərdə polisin əsas vəzifələrindən birinin seçicilərin, seçki məntəqələrinin və namizədlərin təhlükəsizliyini təmin etməkdən ibarət olduğunu, bununla bağlı zəruri tədbirlərin görüləcəyini, qanunla nəzərdə tutulan bütün vəzifələrin yerinə yetiriləcəyini deyən cənab Ramil Usubov, eyni zamanda, seçki kampaniyası dövründə DİN-in digər əsas vəzifəsinin vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi olduğunu bildirmiş, bu istiqamətdə də lazımi işlər görüldüyünü nəzərə çatdırmışdır. O da qeyd olunmuşdur ki, seçki gününədək 18 yaşı tamam olacaq şəxslərin müəyyən edilməsi və onlara ilk növbədə şəxsiyyət vəsiqələrinin verilməsi təmin olunur və artıq bu kateqoriyadan olanların 99 faizə qədəri şəxsiyyəti təsdiq edən sənədi almışdır.

Xanım Odri Qlover səmimi qəbula, ətraflı məlumata və seçkilərə hazırlıqla əlaqədar daxili işlər orqanlarının həyata keçirdiyi tədbirlərə görə minnətdarlığını bildirmişdir.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlərə də toxunulmuşdur.