DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

19.04.2014


Aprelin 19-da Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.
DİN-in Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir 648 nəfərin  düzüldüyü ayrı-ayrı kalonların önündən keçərək namizədlərin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti və dünyagörüşü ilə maraqlanmış, bəzi irad və tövsiyyələrini bildirmişdir.

Daxili işlər naziri ümumən sıra baxışından, bu məqsədlə polis orqanlarından göndərilən şəxslərin hazırlıq səviyyəsindən razı qaldığını demişdir. Tələb olunan parametrlərə uyğun gəlməyən 13 nəfər isə sıra baxışından kənarlaşdırılmışdır.
Tədbirin sonunda nazir Ramil Usubov  namizədlərə gələcək çətin, lakin şərəfli xidmətlərində uğurlar arzulamış və əmin olduğunu bildirmişdir ki, onlar daxili işlər orqanlarının ən yaxşı ənənələrini davam etdirərək qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətəninə, xalqına və Prezidentinə sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, peşəkarlıqlarını daim artıracaq, respublikamızda sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın nümunəvi qorunmasında səylərini əsirgəməyəcəklər.