DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

02.07.2014

İyulun 2-də Azərbaycan Polisi yaranmasının 96-cı ildönümünü qeyd edir. Bu münasibətlə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə DİN-in Kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşları  Fəxri xiyabana gedərək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidə kompleksi önünə tər çiçək dəstələri düzmüşlər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunmuşdur.
Daha sonra DİN-in təmsilçiləri respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər Xiyabanına gedərək "Əbədi Məşəl" abidəsini ziyarət etmişlər.
Həmin gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisinin peşə bayramına və  2013-2014-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. 

Millət vəkillərinin, nazir müavinlərinin, aidiyyəti xidmət rəislərinin, yerli icra, hüquq-mühafizə orqanları rəhbərlərinin, Olimpiya oyunlarının, dünya çempionatlarının mükafatçıları olan daxili işlər orqanları əməkdaşlarının, məzunların valideynlərinin, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin də iştirak etdiyi tədbirdə nazir müavini, polis general-leytenantı Əsgər Ələkbərov şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubova raport vermişdir. Sonra nazir Polis Akademiyasının sıra meydanında təntənəli mərasimlə əlaqədar düzülmüş müəllim və müdavim heyətini əlamətdar hadisələr -Azərbaycan Polisi günü və tədris ilinin buraxılışı münasibətilə təbrik etmişdir.
Əvvəlcə mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, suverenliyimiz və ərazi  bütövlüyümüz uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.

Nazir, general-polkovnik Ramil Usubov təntənəli mərasimdə çıxış edərək demişdir ki, demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanan Milli Liderimiz Heydər Əliyev 1998-ci ildə imzaladağı Fərmanla iyulun 2-ni Azərbaycan Polisi günü elan etmiş, çoxminli asayiş keşikçiləri nəslinin Vətənə və xalqa xidmətlərini özündə əks etdirən, mərdlik, şücaət və qəhrəmanlıqlarla zəngin olan bu tarix 1918-ci il iyulun 2-də Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində asayişi mühafizə dəstələrinin yaradılması ilə başlanmış, həmin dövrdə polis Cümhuriyyətin formalaşmasında, milli mənafelərin qorunmasında xüsusi rol oynamış, sovet hakimiyyəti dönəmində isə ictimai-siyasi quruluşun bütün ziddiyyətlərinə baxmayaraq, böyük inkişaf yolu keçmiş, faşizmə qarşı müharibədə fəal iştirak  etmişdir.
O qeyd etmişdir ki, bu dövrün ən əhəmiyyətli mərhələsi Ulu Öndərimizin Azərbaycana rəhbərlik etdiyi illər olmuşdur. Keçmiş ittifaq miqaysında Daxili İşlər Nazirliyi təşkilati cəhətdən möhkəmlənmiş, şəxsi heyəti yüksək peşə hazırlığı əldə etmişdir. 1980-ci illərin sonlarında, daxili işlər orqanları özünün birbaşa funksiyalarını həyata keçirməklə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən milli müdafiə vəzifələrini də layiqincə yerinə yetirmişdir.
Bildirilmişdir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yaranmış mürəkkəb vəziyyət, ölkə həyatının bütün sahələrini bürümüş hərc-mərclik və özbaşınalıq huquq mühafizə strukturlarından da yan keçməmişdi. Respublikamız yeni əldə etdiyi müstəqilliyini itirmək təhdidi ilə üzləşmiş, vətəndaşlarımızın azad və təhlükəsiz şəraitdə yaşamaq hüququ  pozulurdu. 

Belə ağır vəziyyətdə xalqımızın təkidi ilə 1993-cü ilin iyununda Azərbaycana siyasi rəhbərliyə qayıdan Milli Liderimiz Heydər Əliyev ölkəni vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas etdi, müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu ideologiyasının, habelə, milli inkişaf modelinin əsasını qoydu.
Onun 1994-cü ildə imzaladığı «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» Fərman isə ölkədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə çox uğurlu bir başlanğıc verdi. Ulu öndərin şəxsi rəhbərliyi və nəzarəti altında görülən tədbirlərlə əllərdə olan on minlərlə odlu silah yığıldı, yüzlərlə cinayətkar dəstə zərərsizləşdirildi, bir çox təhlükəli və xüsusilə ağır cinayətlərin, o cümlədən terror aktlarının, dövlət çevrilişinə cəhdlərin qarşısı alındı. Qısa müddətdə cinayətkarlığın dinamikasında müsbət dəyişikliklər müşahidə olundu. Artıq 2002-ci ildə ölkədə qeydə alınan cinayətlərin açılması 1992-ci illə müqayisədə 67 faizdən 95 faizə yüksəlmiş, ümumi cinayətlərin sayı 31 faiz, bağlı qalmış cinayətlər 13 dəfə azalmışdı.

Bununla yanaşı, Milli Liderimiz daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, o cümlədən təşkilati-struktur dəyişiklikləri, ictimai asayişin, insan hüquq və azadlıqlarının qorunması, şəxsi heyətin sosial müdafiəsi kimi mühüm məsələləri əhatə edən 34 qanun, 100-dən çox fərman və sərəncam imzaladı. «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında» qanunlar, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında», «Daxili İşlər Nazirliyi haqqında» Əsasnamələr və digər normativ aktlar qəbul edildi. O zaman məhz Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatların, tələb və tapşırıqlarının icrasının nəticəsi olaraq, polis vahid, mərkəzləşdirilmiş hüquq mühafizə orqanı kimi formalaşdı, asayişin və daxili təhlükəsizliyin təminatçılarından oldu.
Sabitliyin etibarlı qorunmasının həyati vacibliyini xüsusi vurğulayan Heydər Əliyev deyirdi: «1995-ci ildən bu yana cinayətkarlıqla mübarizə aybaay, ilbəil güclənib, genişlənibdir. İndi Azərbaycanda insanlar əmin-amanlıq, rahatlıq şəraitində yaşayırlar. Bu, bizim dövlətimizin siyasətinin, ardıcıl surətdə həyata keçirilən tədbirlərin nəticəsidir. Bu, eyni zamanda hüquq mühafizə orqanlarının,  o cümlədən Daxili İşlər Nazirliyinin gördüyü işlərin, fəaliyyətinin nəticəsidir». Həqiqətən, polis və Daxili Qoşunlar asayişi və daxili təhlükəsizliyi həmişə mərdliklə qorumuş, ən çətin anlarda dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

Respublikamızın ərazi bütövlüyü uğrunda da qəhrəmanlıqla döyüşərək 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olmuş, 1710 nəfər yaralanmış, 68 nəfər «Milli Qəhrəman» adına layiq görülmüşdür. Bununla bərabər, müstəqillik illərində cinayətkar qrup və dəstələrə qarşı mübarizədə, asayişin qorunmasında   94 əməkdaşımızın həlak olması, 2405 nəfərin xəsarət alması da asayiş keşikçilərinin fədakarlığının və gərgin əməyinin əyani təsdiqidir.
Daha sonra çıxışını davam etdirən nazir qeyd etmişdir ki, 2003-cü ilin oktyabrında cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinə yekdilliklə səs verən xalqımız Heydər Əliyev siyasi kursunun davam etdirilməsində qərarlı olduğunu birmənalı təsdiqlədi. Həmin ildən etibarən ölkəmizdə möhtərəm Prezitdentimizin düşünülmüş və sürətli tərəqqi konsepsiyasına uyğun olaraq, inkişafın yeni mərhələsi başlandı. Aparılan quruculuq işləri və islahatlar Daxili İşlər Nazirliyini, onun orqan və hissələrini də əhatə etdi.
Cənab Prezidentin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında Nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə əhəmiyyətli işlər görülmüşdür. Ötən 11 ildə fəaliyyətin qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması, cəmiyyətin maraqlarına tam cavab verməsi  məqsədilə 332 fərman və sərəncam imzalanmışdır. Bu dövrdə Nazirliyin büdcəsi 11 dəfə artmışdır ki, onun da 72 faizi sosial yönümlüdür. Nazirliyin aparatının struktur qurumları, ərazi polis orqanları və Daxili Qoşunlar üçün 319 sosial obyekt tikilmiş, 3 mindən çox avtomobil alınmışdır. 

O da bildirilmişdir ki, cinayətlərin qarşısının alınması, açılması, istintaqı, təqsirləndirilən şəxslərin axtarışı, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair istiqamətlər üzrə 40-a yaxın informasiya sistemi yaradılmışdır. Dövlət Proqramlarına müvafiq olaraq, orqan və hissələrin işində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkili, informasiya əldə olunmasının asanlaşdırılması, etik davranış qaydalarının təkmilləşdirilməsi ilə bağlı konkret tədbirlər görülmüş və bu gün də davam etdirilir. Nazirliyin “102” və “902” “Qaynar Xətt”ləri, veb-saytı və elektron poçt ünvanı daxil olan müraciətlərin dərhal nəzarətə götürülərək operativ həllinə xidmət etməkdədir. Vətəndaşlara şəxsiyyəti təsdiq edən sənədlərin, sürücülük vəsiqələrinin, məhkumluq haqqında arayışların verilməsində çevikliyin təmin edilməsi məqsədilə, bu işlər “ASAN xidmət” mərkəzlərində də həyata keçirilir.

Nazir demişdir ki, müasir dövrün çağırış və təhdidləri cinayətkarlığa qarşı mübarizədə yeni, daha səmərəli formaların tətbiqini və davamlı təkmilləşmə tələb etdiyindən, kadr heyətinin peşəkarlıq səviyyəsinin artırılması prosesi daimi əsaslarla həyata keçirilir. BMT, NATO, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumların təşkil etdiyi müxtəlif forum və müşavirələrdə 6 minə yaxın əməkdaş və hərbi qulluqçu iştirak etmiş, təcrübə mübadiləsi aparılmışdır. Xarici ölkələrin aidiyyəti dövlət strukturları ilə əməkdaşlıq çərçivəsində, hər il onlarla gənc Türkiyənin Polis və Hərbi akademiyalarına, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin hüquq universitetlərinə, Böyük Britaniyanın, Çin Xalq Respublikasının və digər dövlətlərin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilir. Orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali hüquq təhsilli əməkdaşların xüsusi çəkisi 1992-ci illə müqayisədə 2,4 dəfə artaraq cari ildə 80 faizə yüksəlmişdir. Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əlaqələrimizin rolu da böyükdür. Bu gün Türkiyə, Rusiya, Gürcüstan, İran, ABŞ, Avstriya, Almaniya, Fransa, Çexiya, Macarıstan, Polşa, Israil və s. ölkələrin daxili işlər nazirlikləri ilə yaradılmış işgüzar münasibətlər tərəflərin maraqlarına uyğun inkişaf edir.

Möhtərəm Prezidentimizin tapşırıq və tövsiyələrinə uyğun həyata keçirilən kompleks tədbirlər, o cümlədən vətəndaş məmunluğunun təmin edilməsi istiqamətində sistemli fəaliyyət orqan və hissələrdə qanunçuluğu əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. 2013-cü ildə və cari ilin ötən dövründə 31 mindən çox ərizə və şikayət araşdırılmış, eləcə də Nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və respublikanın müxtəlif bölgələrində 7 minə yaxın vətəndaş qəbul  edilmişdir.  Bütün müraciətlər üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülmüş, əksəriyyəti yerində həll olunmuşdur. Həyata keçirilmiş hərtərəfli islahatlar, innovasiya və modernləşmə fəaliyyətinin keyfiyyətcə yeni müstəviyə yüksəlməsi cinayətkarlığın, onun transmilli mütəşəkkil növlərinin təhdidlərinə möhkəm sipər çəkməyə, vətəndaşlarımızın qanuni mənafelərini etibarlı müdafiə etməyə tam imkan verir.
Daha sonra daxili işlər naziri ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizənin və ictimai qaydanın nümunəvi təmin edilməsinin uğurlu nəticələri barədə təntənəli mərasim iştirakçılarına ətraflı məlumat vermişdir. Natiq vurğulamışdır ki, artıq neçə illərdir Azərbaycan ictimai asayişin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. Respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 10 ildə orta hesabla 231 fakt olmaqla əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır. Bu dövrdə cinayətlərin orta illik açılması 90 faiz olmuş, 3 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, axtarışda olan 37 mindən çox təqsirləndirilən şəxs tutulmuşdur. Əllərdə qanunsuz saxlanılan 12 mindən artıq odlu silah yığılmış və onun tətbiqilə törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalmışdır.

Məqsədyönlü profilaktik tədbirlər sayəsində, qeydə alınan hüquqazidd əməllərin  90 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir. Bütün bunlar ölkədə uğurla gedən quruculuq işlərinin, iqtisadi yüksəlişin, digər dövlət strukturları, əhali və  vətəndaş cəmiyyəti institutları ilə səmərəli işgüzar əlaqələrimizin müsbət nəticələridir.
Nazir fürsətdən istifadə edərək xidməti vəzifələrin icrasında yaxından  köməkliklərinə görə vətəndaşlara, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Hökumətin,  Milli Məclisin, hüquq mühafizə və xüsusi xidmət orqanlarının, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların rəhbərlərinə və nümayəndələrinə dərin minnətdarlığını bildirmiş, həmçinin, gənc əməkdaşların formalaşmasında və təcrübə əldə etməsində böyük işlər görən veteranlara təşəkkür etmiş, ən xoş arzularını yetirmişdir.
Xüsusi qeyd olunmuşdur ki, möhtərəm Prezidentimizin əvəzsiz dəstəyi, diqqət və qayğısı sayəsində Nazirlik sistemində gedən inkişaf proseslərinə paralel olaraq, xüsusi təyinatlı təhsil müəssisələrimiz də beynəlxalq təcrübəyə uyğun təkmilləşmişdir. Ötən il Polisin yaranmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Mən çox şadam ki, polis orqanlarında islahatlar uğurla gedir, peşəkarlıq artır. Əminəm ki, Polis Akademiyasında hazırlanan kadrlar əsl peşəkarlar olacaqlar”. Daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında həlledici rol oynayan Polis Akademiyası bu gün ölkəmizin yüksək reytinqə malik ali təhsil ocaqlarından birinə çevrilmişdir. Gənc zabitlər unutmamalıdırlar ki, asayişin qorunması sadəcə iş deyil, öz həyatlarını həsr etdikləri nəcib və çox şərəfli bir peşədir.

General-polkovnik Ramil Usubov beş il Polis Akademiyasında mükəmməl təhsil almış, müxtəlif biliklərə yiyələnmiş, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunması kimi çətin, lakin çox şərəfli bir peşəni seçmiş müdavimlərə aldıqları nəzəri bilikləri praktikada uğurla tətbiq etmələrini, qanunçuluğun fəaliyyətlərinin ən əsas və toxunulmaz prinsipi olmalarını, peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını, yenilikləri mənimsəmələrini, dünyagörüşlərini və peşəkarlıqlarını daim artırmalarını, xalqa sədaqətlərilə polis adını həmişə uca tutmalarını tövsiyə etmişdir. O demişdir ki, vətəndaşlarımız polisin peşəkarlığına, qətiyyətinə güvənir və öz hüquqlarının qorunmasını ona etibar edir. Polis əməkdaşı adı həmişə qürurla səslənməli, vətəndaşlarımızda böyük hörmət hissi oyatmalı, Azərbaycan gənclərinin daxili işlər orqanlarında xidmət etmək arzusuna çevrilməlidir.
 Nazir Akademiyanı müvəffəqiyyətlə bitirmələri münasibətilə hər bir müdavimi, onların valideynlərini və yaxınlarını bir daha ürəkdən  təbrik etmiş, həmçinin, bu təhsil müəssisəsinin  rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkürlərini çatdırmışdır.

İctimai asayişin qorunmasında və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqlənən şəxsi heyətin fədakar əməyinin ölkəmizin başçısı tərəfindən həmişə yüksək qiymətləndirildiyini, müstəqillik dövründə Daxili İşlər Nazirliyinin 992 əməkdaşı və hərbi qulluqçusunun dövlət mükafatlarına layiq görüldüyünü xatırladan daxili işlər naziri bu peşə bayramı ərəfəsində də ölkə Prezidentinin sərəncamları ilə 42 əməkdaşın orden və medallarla təltif edildiyini, 3 rəhbər vəzifəli şəxsə ali xüsusi rütbələr verildiyini diqqətə çatdırmışdır.
Daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək dəyərləndirdiyinə görə bütün şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirən nazir Ramil Usubov onu əmin etmişdir ki, daxili işlər orqanları qanunla müəyyən edilmiş funksiyaları, qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən ali etimadı- andına sadiqliyi, xalqına, Vətəninə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaqdır.

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov əlamətdar hadisələr - Azərbaycan Polisi günü və tədris ilinin buraxılışı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırmışdır. O qeyd etmişdir ki, polis orqanları 96 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrilib, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynayıb. Bu dövr ərzində Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə qətiyyətli addımlar atıb, qanunun aliliyinin, insanların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması kimi çətin vəzifənin öhdəsindən layiqincə gəlib.
Akademiyanı fərqlənmə ilə bitirmiş polis baş leytenantı Xosrov Şükürov müdavimlərə olan diqqət və qayğıya, aldıqları mükəmməl təhsilə görə Nazirliyin rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkür etmiş, onlara göstərilən yüksək etimadı öz fəaliyyətləri ilə doğruldacaqlarını bildirmişdir.

Tədbirin sonunda  daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara - İlkin Almazova, Həbib Həbibliyə və Xosrov Şükürova diplomları və «polis baş leytenantı» xüsusi rütbələrinin paqonlarını təqdim etmişdir.
Akademiyanı əla qiymətlərlə başa vurmuş Rüstəm Xanhüseynov yaş kötüyünə rəmzi xatirə lövhəsini vurmuşdur.
Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verildi. Müdavimlər «Azərbaycan Polisi» marşını ifa etmişlər.
Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçmişdir.