DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

11.09.2014

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 11-də ATƏT-in Bakı Layihə Əlaqələndiricisi cənab Aleksis Şaxtaxtinskini qəbul etmişdir.
Qonağa fəaliyyətində uğurlar arzulayan daxili işlər naziri ATƏT-lə rəhbərlik etdiyi qurum arasında əlaqələrin inkişafından məmnun olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, respublikamızda təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha səmərəli aparılması məqsədilə həmin qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Bakı Ofisi və bir sıra ölkələrdə yerləşən missiyaları ilə sıx əməkdaşlıq əlaqələri yaranmış və bunun nəticəsi olaraq polis fəaliyyətinin təkmilləşdirilməsi sahəsində bir çox əhəmiyyətli tədbirlər və layihələr həyata keçirilmişdir.

ATƏT-in təşkilatçılığı ilə respublikada və xarici dövlətlərdə keçirilən müxtəlif təlim və seminarlarda Nazirliyin 2 min nəfərdən çox əməkdaşının iştirak etdiyi, əldə olunmuş təcrübənin praktiki fəaliyyətdə tətbiqi istiqamətində mühüm işlər görüldüyü vurğulanmışdır.         
Daha sonra daxili işlər naziri kriminogen durumla bağlı qısa məlumat vermiş, ümummilli liderimizin və ölkə Prezidentinin rəhbərliyi ilə yaradılmış sabitlik və təhlükəsizlik şəraitində Azərbaycanın keçdiyi inkişaf yolundan, eyni zamanda, polis fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə bir sıra mötəbər beynəlxalq təşkilatların, o cümlədən ATƏT ekspertlərinin rəyləri nəzərə alınmaqla hazırlanmış zəruri normiativ-hüquqi bazadan, həyata keçirilmiş islahatlardan danışmışdır. 

Qəbul edilmiş yeni qanunların, həmçinin ATƏT-in dəstəyi ilə keçirilən çoxsaylı seminar və treninqlərin şəxsi heyətin peşəkarlığının, dünyagörüşünün artırılmasında, xidməti fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılmasında böyük rolu olduğunu bir daha vurğulayan cənab Ramil Usubov DİN rəhbərliyi tərəfindən qanunçuluğa, insan və vətandaş hüquq və azadlıqlarının qorunmasına ciddi nəzarət edildiyini də diqqətə çatdırmışdır.
ATƏT-in Bakı Layihə Əlaqələndiricisi cənab Aleksis Şaxtaxtinski səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirmiş, təmsil etdiyi qurumla Daxili İşlər Nazirliyi arasında faydalı işbirliyinin bütün sahələrdə praktik nəticə və səmərə verdiyini, bu əməkdaşlığın daha da inkişaf etməsi, polis fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran müxtəlif layihələrin həyata keçirilməsində bundan sonra da yardımçı olacaqlarını vurğulamışdır.