DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

18.10.2014


Oktyabrın 18-də, Müstəqillik günündə DİN BMİ-nin Xətai Rayon Mühafizə İdarəsinin yeni tikilmiş inzibati binasının açılış mərasimi keçirilmişdir. Tədbirdə  daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov iştirak etmişlər.
Məlumat verilmişdir ki, inşasına ötən ilin dekabrından başlanılmış 2 mərtəbəli inzibati binanın ümumi sahəsi 552 kvadratmetrdir. Ən müasir standartlara uyğun olan binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilmiş, Növbətçi hissə və digər xidməti otaqlar istifadəyə verilmişdir. Yeni tikilidə 17 xidməti otaq, 50 yerlik akt zalı vardır. Binada ventilyasiya, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılmış, digər yardımçı sahələr yaradılmışdır. Ərazi hasarlanmış, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilmişdir.
İdarənin şəxsi heyətini salamlayan və daxili işlər naziri, general-pokovnik Ramil Usubovun salamını onlara çatdıran nazir müavini Oruc Zalov nazirliyin mühüm qurumu kimi Baş Mühafizə İdarəsinin də cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında, dövlətin və insanların əmlakının mühafizəsində göstərdiyi xidmətlərin ölkə və DİN rəhbərliyinin diqqətində olduğunu, görülmüş uğurlu tədbirlər nəticəsində vətəndaşların, obyekt sahiblərinin öz əmlaklarının, fərdi evlərinin qorunması üçün məhz bu quruma üz tutduğunu, daxili işlər orqanlarının digər xidmətlərində olduğu kimi, mühafizə polisinin də maddi-texniki bazasının gündən-günə möhkəmləndirildiyini, bu sahədə əsaslı dönüşün yarandığını nəzərə çatdırmışdır.
Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev çıxış edərək yeni inzibati binanın belə bir əlamətdar gündə açılışının şəxsi heyətə əsl bayram hədiyyəsi olduğunu bildirmiş və DİN rəhbərliyini əmin etmişdir ki, Mühafizə İdarəsinin əməkdaşları bundan sonra da xidmətdə ayıq-sayıq dayanacaq, rəhbərliyin yüksək diqqət və qayğısına öz layiqli fəaliyyətləri ilə cavab verəcəklər.

Sonra mərasim iştirakçıları binanın birinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olmuş, Növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş tədris otaqlarına, akt zalına baxmışlar.