DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

30.01.2015

"Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.
Aparılan araşdırmalarla müəyyən olunub ki, "General" MMC, daha sonra "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb. Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər.

Həmin faktlar üzrə cinayət işi başlanılıb, Vüqar Hüseynov, Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov və Fariz Babayev barələrində həbs qətimkan tədbiri seçilib.  
Hazırda araşdırma Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsində aparılmaqla cinayət işi üzrə istintaq-əməliyyat qrupu yaradılıb.
Qeyd edilməlidir ki, vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərin daşınmaz əmlakı, avtonəqliyyat vasitələri və qiymətli əşyaları müəyyən edilərək üzərinə həbs qoyulması istiqamətində zəruri tədbirlər həyata keçirilir.