DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Faciə qurbanları yad edildi

24.02.2015

Fevralın 24-də Daxili İşlər Nazirliyində Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilmişdir. 

Tədbiri giriş sözü ilə açan daxili işlər nazirinin müavini, polis  general-leytenantı Oruc Zalov bildirmişdir ki, öz tarixinin müxtəlif mərhələlərində erməni millətçiləri tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 23 il əvvəl Xocalıda üzləşdi.
Nazir müavini vurğulamışdır ki, yalnız xalqın təkidli tələbilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin prinsipial mövqeyi sayəsində dinc əhalimizə qarşı törədilən soyqırıma obyektiv hüquqi-siyasi qiymət verilmiş, Milli Məclisin 24 fevral 1994-cü il tarixli qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan olunmuş, 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Prezident sərəncamı imzalanmışdır.  

Xocalının müdafiəsi zamanı düşmənlə qeyri-bərabər döyüşlərdə 17 polis əməkdaşının da qəhrəmancasına həlak olduğunu xatırladan nazir müavininin təklifi ilə soyqırıma məruz qalmış  xocalıların, eləcə də ərazi  bütövlüyümüz və suverenliyimiz uğurunda canlarından keçən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu deyən polis general-leytenantı Oruc Zalov tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, işğaldan sonra bütün maddi-mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılması bəşər sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayətdir. Qeyd olunmuşdur ki, illər keçməsinə baxmayaraq, min bir işgəncə ilə qətlə yetirilmiş soydaşlarımızın, qəhrəman oğul və qızlarımızın əziz xatirəsi anılır və dünya ictimaiyyəti Xatın, Sonqmi kimi bəşəri cinəyətlər sırasında yer alan Xocalı faciəsini yad edərək Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirir və millətçilərin törətdikləri bədnam əməlləri pisləyir.  

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işləri, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan həqiqətlərinin dünyanın hər yerində yayılmasını, beynəlxalq aləmin məlumatlandırılmasını, torpaqlarımızın işğal faktı və Xocalı soyqırımı ilə bağlı dünyanın bir çox ölklərində yaşayan həmvətənlərimizin həmrəyliyini diqqətə çatdıran nazir müavini Oruc Zalov  vurğulamışdır ki, artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğatının iç üzü ifşa olunmuşdur və dünya ictimai fikri Xocalı qətliamını soyqırımı kimi qəbul etməyə başlayır. O, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı vermiş, onların problemləri və qayğıları ilə maraqlanmış, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirmişdir.    

Şəhid ailələri adından danışan Tacirə Xəlilova, Şamilə Məmmədova və Vərziyar Əliyeva onlara göstərilən diqqət, qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Nazir müavini O.Zalov bu gün Azərbaycanın bölgədə həlledici söz sahibinə çevrildiyini, ölkəmizin dünyada gedən mühüm proseslərlə bağlı öz prinsipial mövqeyini ortaya qoyduğunu, iqtisadi potensialımızın, siyasi və hərbi qüdrətimizin durmadan artdığını, ordumuzun hər an Ali Baş Komandanın əmrinə hazır olduğunu xatırladaraq dövlətimizin öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəyi barədə möhtərəm dövlət başçımızın qətiyyətli mövqeyini bir daha diqqətə çatdırmışdır.