DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat Xidmətlərindən

30.03.2015

2015-ci il martın 28-də saat 12.00 radələrində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Ramiz Ələkbərov “Ağsu aşırımı”nda yerləşən “Ata yurdu” kafesində aralarında yaranmış münaqişə zəminində ov tüfəngindən atəş açaraq yeməkxananın sahibi Mahir Mirzəliyevi qətlə yetirib və özünə məxsus avtomobillə ərazini tərk edib.

Polis və prokurorluq orqanlarının  əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yeri və meyit müayinə olunub, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb. R.Ələkbərovun yaşadığı mənzilə baxış keçirilərkən orada odlu silahla qətlə yetirilmiş meyid aşkar edilib və öldürülən şəxsin rayon sakini Sərxan Soltanov olduğu müəyyənləşdirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Ələkbərova məxsus “Renault” markalı avtomobil Bakı-Şamaxı şosse yolunun 119-cu kilometrliyində aşkar edilib və sözügedən nəqliyyat vasitəsindən lüləsi və qundağı kəsilmiş 2 ədəd ov tüfəngi götürülüb.  

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin olunub.
Hər iki ağır cinayəti törətməkdə şübhəli bilinən Ramiz Ələkbərovun yerinin müəyyən edilməsi və tutularaq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.