DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən

30.03.2015


Martın 30-da saat 10 radələrində Göyçay-Ucar avtomobil yolunun, Göyçay rayonu ərazisində rayon sakini, 1973-cü il təvəllüdlü Abdullayev Fərhad Qubad oğlu idarə etdiyi "VAZ-21074" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılmış, nəticədə aldığı bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilmişdir.

Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı avtomobilin arxa salonunda qadın meyiti aşkar edilmişdir. Araşdırmalarla meyitin F.Abdullayevin arvadı, 1981-ci il təvəllüdlü Lamiyə Abdullayeva olması müəyyən edilmiş və meyit  Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsində müayinə olunarkən üzərində çoxsaylı bıçaq xəsarətləri aşkar olunmuşdur.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində L.Abdullayevanın əri F.Abdullayev tərəfindən Ucar şəhərində yaşadıqları mənzildə qısqanclıq zəminində çoxsaylı bıçaq xəsarətləri yetirilərək qəsdən öldürüldüyü müəyyən edilmişdir.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.