DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

14.05.2015

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 14-də BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellini qəbul edib.  

Qonağı səmimiyyətlə salamlayan nazir Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu və bu müddətdə ikitərəfli əlaqələrin bir çox sahələrdə uğurla inkişaf etdiyini, xüsusən BP şirkətinin ölkəmizin neft strategiyasının həyata keçirilməsində rolunu, "Əsrin müqaviləsi"nin əsas iştirakçılarından və ən böyük payçılarından biri kimi iqtisadiyyatımıza külli miqdarda sərmayə qoymasını, şirkətin müəssisələrində yüzlərlə həmvətənimizin işləməsini məmnunluqla xatırladıb, tutduğu məsul vəzifədə ona uğurlar arzulayıb.       

Daha sonra daxili işlər naziri müstəqilliyin ilk illərində ölkəmizdə mövcud olan gərgin ictimai-siyasi vəziyyəti, Azərbaycanın vətəndaş müharibəsinin astanasında olduğunu yada salaraq, xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışını, onun həyata keçirdiyi qətiyyətli tədbirlərlə ölkəmizin məhv olmaq təhlükəsindən xilas edildiyini, sabitliyin bərpa olunduğunu, kriminogen durumun nəzarətə götürüldüyünü, vətəndaşlarımızın, eləcə də əcnəbi iş adamlarının təhlükəsiz və əmin-amanlıq şəraitində yaşayıb-işləmələri üçün əlverişli şəraitin yaradıldığını vurğulayıb.  

Şəxsi heyətin peşəkarlığının daha da artırılmasndanı, müasir informasiya texnologiyalarının, elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin əməliyyat-xidməti fəaliyyətdə tətbiqindən danışan cənab Ramil Usubov vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, hüquq qaydasına riayət edilməsinə videonəzarətin həyata keçirilməsi, fasiləsiz və canlı izlənilməsi, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi funksiyalarının yerinə yetirilməsi məqsədilə Nazirlikdə "Təhlükəsiz Şəhər" Avtomatik İdarəetmə Sisteminin yaradıldığını, bu yöndə Birləşmiş Krallığın təcrübəsinin öyrənildiyini xüsusi qeyd edib.

Ölkəmizin I Avropa Oyunlarına ev sahibliyi edəcəyini xatırladan nazir bu məqsədlə asayişi mühafizə tədbirlərinə daxili işlər orqanlarının 24 mindən çox əməkdaşının cəlb olunduğunu nəzərə çatdırıb və sözügedən Oyunların da əvvəlki beynəlxalq tədbirlər kimi, yüksək təhlükəsizlik, əmin-amanlıq şəraitində keçiriləcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən Qordon Birrelli ölkəmizə birinci dəfə müstəqilliyin ilk illərində səfər etdiyini, daha sonra  ümummilli lider Heydər Əliyev ilə görüşünü məmnunluqla xatırladıb,  regiona növbəti gəlişində respublikamızın, onun paytaxtı Bakının sürətli inkişafının, sabitliyin, əmin-amanlığın yüksək səviyyədə qorunmasının, təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsinin şahidi olduğunu, BP şirkətinin Daxili İşlər Nazirliyi ilə işgüzar əməkdaşlığının daha da  dərinləşməsinə hər zaman önəm verdiyini  qeyd edib.