DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

30.05.2015


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 30-da Bərdə Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib. 
 
Qəbulda Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan, Xocalı şəhər və rayonlarından olan sakinlərin, həmçinin, qaçqın və məcburi köçkünlərin bir qrupu iştirak edib. 
 
Nazir vətəndaşları narahat edən problemlərin operativ, qanunvericiliyə uyğun şəkildə həlli üçün tədbirdə iştirak edən Nazirliyin aidiyyatı Baş İdarə, idarə və adları çəkilən ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Polis fəaliyyətinə aid olan müraciətlərin  böyük əksəriyyəti yerindəcə öz həllini  tapıb, digər ərizələrin müvafiq dövlət qurumlarına göndəriləcəyi diqqətə çatdırılıb. 
 
Eyni zamanda, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların sıralarında xidmət etmək  arzusunda olan 930 nəfər qəbulda iştirak edib. Onların arasından xidmətə daha yararlı və hazırlıqlı 100 gənc seçilib və sənədlərinin hazırlanması üçün aidiyyatı xidmətlərin rəhbərlərinə müvafiq göstəriş verilib.