DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərindən

06.11.2015


2015-ci il noyabrın 5-də Sabunçu rayonu ərazisində ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətlərinə yol verdiklərinə görə Bakı şəhər sakinləri Elçin Qasımov və Sahib Həbibov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmışlar. Bundan dərhal sonra, özlərini dini hərəkatın tərəfdarları adlandıran və ümumi sayı 60 nəfərədək olan bir qrup şəxs həmin polis orqanının inzibati binasının qarşısında toplaşaraq onların azad edilməsi tələbi ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmişlər.
 
İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlıqlarına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdirmiş, daxili işlər orqanları əməkdaşlarının ünvanına təhqiramiz ifadələr səsləndirmişlər. Onlar daş və küt alətlərlə asayiş keşikçilərinə müqavimət göstərmiş və nəticədə iki polis əməkdaşı  bədən xəsarəti almışdır. 
 
Görülmüş tədbirlərlə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin qarşısı alınaraq qanunsuz aksiyanın fəal iştirakçılarından 8 nəfəri saxlanılmış və hüquqazidd hərəkətləri sənədləşdirilərək müvafiq materiallar Sabunçu rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə saxlanılmış şəxslər barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 298-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) və 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə on gündən bir ayadək müddətə inzibati həbs tətbiq edilmişdir. 
 
Qanunazidd hərəkətlərə yol verən şəxslərin nəzərinə çatdırılır ki, ölkədə asayişin və sabitliyin pozulmasına yönəlmiş bütün cəhdlərin qarşısı gələcəkdə də qətiyyətlə alınacaqdır.