DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

26.01.2016


Yanvarın 26-da Daxili İşlər Nazirliyinin yeni istifadəyə verilmiş konfrans zalında 2015-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin çoxşaxəli uğurlu fəaliyyətinin məntiqi nəticəsi olan dayanıqlı inkişaf modeli dünyanı bürümüş maliyyə-iqtisadi böhrana, mürəkkəb qlobal vəziyyətlərə baxmayaraq,  2015-ci ildə də ölkəmizin tərəqqisini, enerji dövləti kimi öz həlledici mövqeyini qoruyub saxlamasını, əhalinin sosial müdafiəsini, daxili sabitliyin və ictimai asayişin etibarlı müdafiəsini təmin edib. 

Qeyd olunub ki, cənab Prezidentin fərman, sərəncam və tapşırıqları, qarşıya qoyduğu vəzifələr rəhbər tutularaq, vətəndaşların və dövlətin qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunması sahəsində tədbirlər digər hüquq mühafizə, həmçinin təhlükəsizlik orqanları ilə birgə daha məqsədyönlü davam etdirilib, kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb. Respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub. 
Daha sonra iclasın gündəliyi elan olunub və daxili işlər naziri hesabat məruzəsi ilə çıxış edib. O, deyib ki, hesabat ilində əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.916 cinayət qeydə alınıb. Onların 87,5 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 84,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 15,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.

2014-cü illə müqayisədə qəsdən adam öldürmələr 7,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 6,7 faiz, xuliqanlıqlar 4,5 faiz, avtonəqliyyatın qaçırılması 26,6 faiz, mal-qara oğurluqları 17,1 faiz, yetkinlik yaşına çatmayanların cinayətləri 2,4 faiz, ictimai yerlərdə baş vermiş cinayətlər 2 faiz, yol-nəqliyyat hadisələri 15,7 faiz, qəzalarda ölənlərin sayı 20,5 faiz, yaralananların sayı 15,4 faiz azalıb. 
Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürmələrin açılması 9 faiz (98,2 faiz), qəsdən adam öldürməyə cəhdlərin  açılması 7,5 faiz (93,8 faiz) yaxşılaşıb. Banditizm, adam oğurluğu, əzab vermə, zorlama cinayətlərinin açılması tam təmin edilib. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 344 cinayət açılıb. 
Cinayətlərin profilaktikasında, zərər çəkmiş şəxslərin hüquqlarının, həyat və sağlamlığının müdafiəsində informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyəti olub.  “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 1.280 cinayətin “isti izlərlə” açılması təmin edilib. Bununla yanaşı, vətəndaşların “102” xidmətinə müraciətləri üzrə görülmüş çevik cavab tədbirləri ilə 10.687 hüquqazidd əməlin qarşısı alınıb. 

“Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə  348 cinayət açılıb, piyadaların vurulması faktları da daxil olmaqla 11.713 yol-nəqliyyat hadisəsi aşkarlanıb, axtarışda olan 111 avtomobil saxlanılıb. Ümumən, 2014-cü illə müqayisədə cinayətlərin açılması 1,7 faiz yaxşılaşaraq hesabat dövründə 82,4 faiz təşkil edib. 
Bildirilib ki, törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmin edilməsi işi də nəzarətdə saxlanılıb. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri müqayisə edilən dövrə nisbətdə 1,4 faiz çox olmaqla istintaqdan və məhkəmələrdən yayınan 2534 nəfər tutulub. 
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 74 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 31 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarılan şəxslərin 69,1 faizi tutulub. Eyni zamanda, müxtəlif cinayətlər törətmiş 13.392, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 2457 şəxs məhkəmə məsuliyyətinə cəlb edilib. 

Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizədə də həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 842-si ağır və xüsusilə ağır növlər olmaqla 2637 cinayət törətmiş 923 cinayətkar qrup zərərsizləşdirilib.
Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirlərilə 45 faiz çox saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 71 min manat,  79.100 ABŞ dolları və 225 min rubl olan 2167 ədəd saxta əskinas, habelə istifadə müddəti ötmüş 6 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb. 
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə  və insan alverinə qarşı mübarizə sahəsində tədbirlər də davamlı olub. Narkotiklərlə əlaqədar 2935 cinayət aşkarlanıb, 169 nəfərdən ibarət 63 cinayətkar qrup zərərsizləşdirilib. Bu cinayətlərdən  786-ı narkotik vasitələrin satışı ilə bağlı olub. Qeyri-leqal dövriyyədən əvvəlki dövrlə müqayisədə 138 kiloqram çox, bütövlükdə, 810,5 kiloqram narkotik vasitə çıxarılıb, həmçinin, 20 kiloqram çox və ya 95,6 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Qanunsuz kultivasiya edilən 169 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. 

İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında görülən tədbirlərlə 12 faiz çox və ya 109 cinayət faktı müəyyən edilib, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, bu əməllərin qurbanı olmuş 63 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib. 
Ötən il respublikanın hüquq mühafizə orqanları tərəfindən 31.300 cinayət faktının istintaqı aparılıb ki, onların 80 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. Eyni zamanda, dəymiş maddi ziyanın ödətdirilməsi 0,9 faiz yaxşılaşaraq 79,1 faiz təşkil edib. Hesabat ilində respublikanın ərazi polis orqanlarına daxil olmuş cinayət xarakterli məlumatların 88 faizi təhqiqatçılar tərəfindən araşdırılıb ki, bu da müqayisə edilən ilə nisbətdə 5 faiz çox olmaqla 54,2 faizi məhkəmələrə göndərilib. 

Məruzəçi deyib ki, xidməti fəaliyyətin əsas istiqamətlərindən biri olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən profilaktiki tədbirlər də müsbət nəticələr verib. Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 31.028 vahid artması (1.339.568 vahid) fonunda, yol-nəqliyyat hadisələrinin, qəzalarda ölən və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb. 
Qeyd olunub ki, bu müsbət nəticəni şərtləndirən əsas amillərdən biri yol hərəkətinə nəzarətin gücləndirilməsi olub. Belə ki, 2014-cü illə müqayisədə hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə olan inzibati hüquqpozmaların aşkarlanması 7,5 faiz çox olmaqla 2.531.843 xəta təşkil edib. O cümlədən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı 2,5 faiz çox, sürət həddinin aşılması ilə əlaqədar 15,3 faiz çox, qəza şəraiti yaratma ilə bağlı 40,5 faiz çox fakt müəyyən olunub. 

Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2014-cü illə müqayisədə 7,1 faiz çox və ya 2.641.284 protokol tərtib olunub. Nəticədə 2.543.406 şəxs cərimələnib, 4.036 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 42.030 şəxsə xəbərdarlıq edilib. 
Vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi üzrə fəaliyyət çərçivəsində 919.289 nəfər yeni nəsil ümumvətəndaş pasportu, 1.289.122 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin olunub.  Analoji iş Nazirliyin əməkdaşları tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində də məqsədyönlü surətdə davam etdirilib. 
O da qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində daim inkişaf edən Daxili Qoşunlar ictimai asayişin keşiyində əzmlə dayanıb. Ötən il komandirlərin, idarəetmə orqanlarının və hərbi hissələrin döyüş qabiliyyətinin yüksəldilməsi, Qoşunların maddi-texniki bazasının gücləndirilməsi sahəsində mühüm tədbirlərin icrası tam təmin edilib.
 
Hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı davamlı surətdə görülən işlər Qoşunlarda mənəvi-psixoloji durumu daha da yaxşılaşdırıb, tabelik münasibətlərini əhəmiyyətli dərəcədə möhkəmləndirib, qrup halında nizamnamədən kənar münasibətə yol verilməyib. 2014-cü illə müqayisədə hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərin sayı 5 dəfə, ölüm hallarının sayı 3,5 dəfə, hadisələrin sayı 24 faiz, kobud intizam pozuntularının sayı 2 dəfə, xəsarətalmaların sayı 21 faiz azalıb. 

İctimai asayişin qorunmasında Əlahiddə Çevik Polis Alayının fəaliyyəti də təqdirəlayiq hesab olunub. Xüsusi təyinatlı bu nizami polis hissəsinin əməkdaşları tərəfindən müxtəlif cinayətlər törətmiş 723 nəfər, o cümlədən axtarışda olan 86 təqsirləndirilən şəxs saxlanılaraq aidiyyəti üzrə təhvil verilib, 27 minə yaxın inzibati xəta aşkar edilib. 
Xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin icrası daim ciddi nəzarətdə saxlanılıb və planlı surətdə yerinə yetirilir. Nazirliyin rəhbərliyi tərəfindən Bakı şəhərində, habelə 64 rayonu əhatə edən 8 bölgədə 5040 vətəndaşın qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub. 

Kollegiya iştirakçılarının nəzərinə çatdırılıb ki, xalqa xidmət funksiyalarının icrasının və vətəndaş məmnunluğunun daha effektli təşkilinin zəruriliyi baxımından, qanunçuluğun qorunması işinə də tələbkarlıqla yanaşılıb. Nəticədə polis əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntularının sayı 6,8 faiz, əsassız saxlamaların sayı 32,3 faiz, vətəndaşlarla kobud rəftar hallarının sayı 5,3 faiz azalıb. Döymə, işgəncə vermə, tabel silahını qanunsuz tətbiq etmə, əsassız cinayət məsuliyyətinə cəlb etmə  kimi hallar qeydə alınmayıb. Eyni zamanda, korrupsiya hüquqpozmalarının sayı  30 fakt və  həmin əməllərə yol vermiş əməkdaşların sayı 3,7 dəfə azalıb. Onlardan 16 nəfəri xidmətdən xaric edilib, 7 nəfəri tutduğu vəzifədən azad olunub.

Məruzədə əməliyyat-xidməti fəaliyyətdə əldə olunmuş müsbət nəticələrlə bərabər, nöqsan və çatışmazlıqları da nəzərə çatdıran nazir Kollegiya iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldib.
Məruzə ətrafında çıxış edən Naxçıvan MR-in daxili işlər naziri Əhməd Əhmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov, Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev, Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev və başqaları hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların tam aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən, həyata keçiriləcək konkret tədbirlərdən danışıblar.  
İclasa yekun vuran daxili işlər naziri 2015-ci ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında kriminogen durumda baş verən dəyişikliklərə çevik reaksiya verilməməsi, kollegiya qərarlarında qarşıya qoyulmuş tapşırıqların tam və keyfiyyətli icra edilməməsi kimi ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu da nəzərə çatdırıb, tədbir  iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldib, konkret tapşırıq və tövsiyələrini verib.

Nazir cari ildə respublikamızda dövlət əhəmiyyətli bir çox kütləvi tədbirlərin, o cümlədən idman yarışlarının və beynəlxalq forumların keçirilməsinin nəzərdə tutulduğunu xatırladaraq, bu baxımdan, ərazi orqanlarında, nizami polis hissələrində və Daxili Qoşun bölmələrində bütün təşkilati tədbirlərin vaxtında icra edilməsinin, qüvvə və vasitələrin hər bir tədbir ərəfəsində tam hazırlıq vəziyyətində olmasının əhəmiyyətini vurğulayıb. 
Bildirilib ki, dini düşmənçilik, radikalizm və fanatizm zəminində ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərin törədilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması və onlarda iştirak edilməsi, terror fəaliyyətinin  həyata keçirilməsi, milli, sosial və dini nifrətin salınması, dini ekstremist materialların hazırlanması və yayılması kimi əməllər də vaxtında aşkar edilməli və bütün hallarda qarşısı qətiyyətlə alınmalı, bu istiqamətdə əməliyyat-axtarış tədbirləri müvafiq hüquq mühafizə və xüsusi xidmət orqanları ilə əlaqəli şəkildə aparılmalıdır. 
Ümumən, cinayətkarlığa qarşı mübarizədə, asayişin və  daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş uğurların inkişaf etdirilməsi, xidməti fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün daxili işlər orqanları daha böyük əzmlə çalışmalı, peşəkarlığını yüksəltməli, həyata keçirilən tədbirlərin effektivliyi artırılmalıdır. Cinayətkarlığın səviyyəsinin minimuma endirilməsi üçün profilaktik iş yaxşılaşdırılmalı, səmərəsi yüksəldilməli, qabaqlayıcı tədbirlər ünvanlı aparılmalıdır. Həmçinin, ailə münaqişəsi zəminində və əvvəllər məhkum olmuş şəxslər tərəfindən törədilən cinayətlərin profilaktikası gücləndirilməli, habelə, narkomanlığın yayılmasının qarşısının alınması sahəsində aparılan izahat işləri yeni keyfiyyət səviyyəsinə yüksəldilməlidir. 

Cənab Ramil Usubov qarşıda duran başlıca vəzifələr olaraq, ilk növbədə, insan hüquq və azadlıqlarının etibarlı qorunmasının, xalqa xidmət funksiyalarının genişləndirilməsinin, müasir texnologiyaların tətbiqinin, qanunçuluğun möhkəmləndirilməsinin ardıcıllıqla həyata keçirilməsinin zəruriliyini vurğulayıb. 
Daxili işlər naziri şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, əməkdaşlar və hərbi qulluqçular bundan sonra da bütün qüvvələrini ölkədə ictimai asayişin yüksək səviyyədə qorunmasına səfərbər edəcək, insan hüquq və azadlıqlarının, vətəndaşların qanuni mənafelərinin təmin edilməsi işini 2016-cı ildə də böyük məsuliyyət hissi ilə yerinə yetirəcəklər.