DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

30.05.2016


 Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 30-da ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları səmimi salamlayan nazir ortaq tarixi dəyərləri və ənənələri bölüşən xalqlarımız arasında münasibətlərin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb və bu səfərin əməkdaşlığı daha da genişləndirəcəyinə əminliyini bildirib.

Daha sonra cənab Ramil Usubov DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyət barədə qısa məlumat verib. Qeyd olunub ki,  yalnız milli lider Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi altında görülən qətiyyətli tədbirlərlə  bütün sahələrdə köklü islahatlar həyata keçirilib, sabitlik, əmin-amanlıq bərpa edilib, əməliyyat şəraiti tam nəzarətə götürülüb. Nəticədə xarici sərmayənin ölkəmizə axını üçün münbit şərait yaradılıb.
İki ölkənin daxili işlər orqanları arasında birbaşa əlaqələr qurulmasının vacibliyini vurğulayan nazir, bu məqsədlə "Təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş" layihəsinin hazırlanaraq qarşı tərəfə göndərildiyini xatırladıb, rəhbərlik etdiyi qurumun ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

O da qeyd olunub ki, Azərbaycan Əfqanıstanın təhlükəsizlik məsələsində əsas tərəfdaşlardan biridir və antiterror koalisiyasının üzvü kimi bu ölkədə təhlükəsizliyin təmin edilməsinə öz töhvəsini verir.       
Daxili işlər naziri problemlərə toxunarkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiyanın diqqət mərkəzində dayandığını, bu növ cinayətlərə qarşı yalnız birgə səylərlə mübarizə aparılmasının mümkünlüyünü nəzərə çatdırıb.  

 Səmimi qəbula, ətraflı məlumata görə təşəkkürünü bildirən Mohammad Xanif Atmar Azərbaycan Prezidenti İlham Əliyevin islam ölkələri birliyindəki rolunu xüsusi qeyd edib və ölkəmizdə daxili sabitliyin qorunmasında əldə olunmuş uğurlara görə cənab Ramil Usubovu təbrik edərək, daxili işlər naziri işləmiş bir şəxs kimi belə nailiyyəti əldə etməyin çətinliyini vurğulayıb.
Əfqanıstan İslam Respublikasının hər zaman Azərbaycanla həmrəyliyə sadiq qalacağını deyən Təhlükəsizlik Şurasının katibi transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin yalnız regional və qlobal əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin mümkünlüyünü təsdiq edib. Eyni zamanda, adıçəkilən Saziş layihəsinin imzalanması üçün müvafiq tapşırıq veriləcəyi qeyd olunub.

Görüşdə Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Mohammad Taqi Xalili iştirak edib.