Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun Mətbuat Xidmətlərinin məlumatı

15.07.2011

Xəbər verildiyi kimi, 2011-ci il iyulun 11-də saat 13.00 radələrində paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən "Azər-Ross" mənzil-tikinti kooperativində bu qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılmış atəşlə qətlə yetirilmiş, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanmışdır.
Fakt üzrə cinayət işi başlanılaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun peşəkar əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılmışdır. 

Aparılan prosessual və əməliyyat araşdırmaları ilə məlum olmuşdur ki, Əflatun Piriyevin kooperativdə olan payını ələ keçirmək üçün onu öldürmək qərarına gələn həmtəsisçilərdən biri Hümbət Məmmədov bu məqsədlə Rusiya Federasiyasının vətəndaşı Tofiq Bəkirovu Bakıya dəvət etmişdir. Onlar may ayının sonlarında görüşüb qətlin ilkin olaraq 36.000 ABŞ dolları müqabilində həyata keçirilməsinə razılaşmışlar. Öz növbəsində Tofiq Bəkirov sifarişin yerinə yetirilməsini həmyerlisi Fəriman Hacıyevə tapşırmış, sonuncu isə cinayətin icrasına tanışları Sahil və Şamil Şamilov qardaşlarını cəlb etmişdir. Adları çəkilənlər qətlin planını hazırlayaraq Əflatun Piriyevin hərəkət marşrutunu izləmiş, ofisini və yaşadığı ünvanı nəzarətdə saxlamış, iyulun 11-də isə aldatma yolu ilə iş otağına daxil olub onu öldürmüş, Əmiraslan Əhmədovu ağır yaralayıb hadisə yerindən qaçmışlar. 

Cinayətin iştirakçılarının müəyyən edilib saxlanılması üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gürcüstanın müvafiq dövlət orqanı ilə beynəlxalq müqavilələrə uyğun qarşılıqlı hüquqi yardım çərçivəsində birgə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Fəriman Hacıyev və Sahil Şamilov Gürcüstanda yaxalanmışlar. Digər üç nəfər, o cümlədən Hümbət Məmmədov, Tofiq Bəkirov və Şamil Şamilov Bakı şəhərində tutulmuşlar.
İşin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.