Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi


Azərbaycan Respublikası Prezidentinin 9 avqust 1994-cü il tarixli «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında»  Fərmanı ilə  dövlətin iqtisadi, siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların həyatı, səhhəti, mülkiyyət hüququ əleyhinə yönəldilən və əsasən mütəşəkkil cinayətkar dəstələr, qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərin, rüşvətxorluq və korrupsiya hallarının qarşısının alınması, bu istiqamətdə əməliyyat-xidməti fəaliyyətin həyata keçirilməsi üzrə Daxili İşlər Nazirliyinin və digər dövlət orqanlarının əsas vəzifələri müəyyən edilmiş və Nazirliyin strukturunda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi yaradılaraq cinayətkarlığın ən təhlükəli formasına qarşı mübarizə yeni təşkilati əsaslar üzərində qurulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturunda dəyişikliklər edilməsi haqqında” 83 nömrəli Fərmanı ilə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi baş idarə səlahiyyətli müəyyən edilmişdir.

Baş İdarənin əsas funksiyalarını Azərbaycan Respublikasının qanunvericiliyi və Daxili İşlər Nazirliyinin müvafiq normativ-hüquqi aktları ilə müəyyən edilmiş qaydada mütəşəkkil cinayətkarlığa, o cümlədən terrorizm, banditizm, adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətlərinə, saxta pul və ödəniş sənədlərinin qanunsuz dövriyyəsinə, insan alverinə, eləcə də mütəşəkkil cinayətkarlığın transmilli və digər növlərinə qarşı mübarizə, bu qəbildən olan cinayətlərin qarşısının alınması, açılması və istintaqı təşkil edir.

Baş İdarənin strukturuna adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsi, banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsi, saxta pul və ödəniş sənədlərinin qanunsuz dövriyyəsi ilə mübarizə şöbəsi, istintaq şöbəsi, təşkilati-analitik bölmə və digər əməliyyat, təminat qurumları daxildir. İnsan alverinə qarşı mübarizə idarəsi baş idarəyə bilavasitə tabe olan struktur qurumdur.

Baş İdarənin əsas vəzifələri aşağıdakılardır:

  • Azərbaycan Respublikasının qanunvericiliyi və digər normativ-hüquqi aktları ilə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin və istintaq tədbirlərinin həyata keçirilməsi;
  • mütəşəkkil cinayətkar qrup və dəstələrin aşkar edilməsi, ifşa olunması və zərərsizləşdirilməsi;
  • banditizm, adam oğurluğu, adamları girov götürmə, hədə-qorxu ilə tələb etmə, saxta pul və ödəniş sənədlərinin qanunsuz dövriyyəsinə və mütəşəkkil cinayətkarlığın digər təhlükəli növlərinə qarşı mübarizənin təşkili və aparılması, bu növ cinayətlərin açılmasının təmin edilməsi və cinayətkarların axtarışı işinin həyata keçirilməsi;
  • insan alverinə qarşı mübarizənin həyata keçirilməsinin və bu  sahədə profilaktik və əməliyyat-axtarış tədbirlərinin təşkil edilməsi;
  • transmilli cinayətlər, o cümlədən insan alveri, narkotiklərin və silahların qanunsuz dövriyyəsi, qaçaqmalçılığı ilə məşğul olan cinayətkar birləşmələr, onların regional və dövlətlərarası əlaqələri, habelə qanunsuz silahlı dəstələr haqqında məlumatların əldə edilməsi, bu sahədə müvafiq xüsusi tədbirlərin həyata keçirilməsi;
  • mütəşəkkil cinayətkarlıqla bağlı məlumatların toplanması, sistemləşdirilməsi, bu işin, eləcə də ərazi orqanlarının mütəşəkkil cinayətkarlıqla mübarizə aparatlarında əməliyyat-xidməti fəaliyyətin təhlili, metodik vəsait və göstərişlərin hazırlanması, müvafiq idarəçilik qərarlarının qəbul edilməsi.
    Mütəşəkkil cinayətkar dəstələrin formalaşmasına və inkişafına şərait yaradan amillərin öyrənilməsi, onların aradan qaldırılması, bu yönümdə mübarizə işinin təkmilləşdirilməsi və səmərəli təşkili;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət prosesi iştirakçılarının və digər şəxslərin, zəruri hallarda isə onların yaxın qohumlarının mühafizəsinin təmin edilməsi və s.