Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin məlumatı

02.03.2018

2018-ci il mart ayının 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin bir mərtəbəli korpusunda yanğın baş vermişdir.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi,  texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilmişdir. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunmuşdur.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilmiş, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilmişdir. Saat 08.30-də yanğın söndürülmüşdür. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilmişdir.

Fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılmış, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş vermişdir.

Həyata keçirilən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir.