DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Respublika Baş Prokurorluğu, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin xüsusi məlumatı

21.10.2005



     Əvvəllər xəbər verildiyi kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3, 308.2, 28.220 və 278-ci maddələri ilə başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus evlərdə, bağlarda və müxtəlif obyektlərdə axtarışlar aparılmış və külli miqdarda xarici valyuta, zinət əşyaları, sənət əsərləri və cinayət yolu ilə əldə edilmiş digər qiymətli əşyalar götürülmüşdür.
     Belə ki, aparılmış axtarışlar nəticəsində Fərhad Əliyevin, İqtisadi İnkişaf Nazirliyinin inzibati binasında yerləşən iş otağından 50 min 500 ABŞ dolları,  6 min avro və 860 Böyük Britaniya funt sterlinqi, «Qızıl Şərq» hərbi şəhərciyində yerləşən mənzilindən 30 min avro, 6 min 500 ABŞ dolları, bağ evlərindən 34 ədəd qiymətli rəsm əsəri, 500 ədəd dövlət özəlləşdirmə payı, qardaşı Rafiq Əliyevə məxsus «Azpetrol» Şirkətinin ofisindən 565 min ABŞ dolları və kassaya mədaxil edilməmiş 5 milyard 609 milyon manat aşkar edilərək götürülmüşdür. Axtarış aparılan ünvanlarda eyni zamanda çoxlu sayda qızıl-zinət əşyaları, 7 ədəd müxtəlif markalı tapança və ov silahları, digər qiymətli əşyalar, çoxsaylı əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər də aşkar olunmuşdur. Fərhad Əliyevə faktiki məxsus olan çoxsaylı kommersiya obyektlərində korrupsiya halları ilə bağlı araşdırmalar davam etdirilir.
     Cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, Rəsul Quliyevin Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi məqsədi daşıyan cinayətkar planının həyata keçirilməsi, onun tərkib hissələri kimi əhalinin kütləvi şəkildə beynəlxalq hava limanına toplanması, asayişi mühafizə qüvvələrinə müqavimət göstərməklə iğtişaşlar törətməli olan silahlı təxribat qruplarının formalaşdırılması üçün zəruri olan maliyyə vəsaitləri ilə təmin edən şəxslərdən birinin sabiq səhiyyə naziri Əli İnsanov olduğu müəyyən edilmişdir.
    İstintaq araşdırmaları göstərir ki, Fikrət Yusifov mütəmadi əlaqə saxladığı Rəsul Quliyevin tapşırığı ilə müxtəlif vaxtlarda Əli İnsanovla da görüşmüş, ölkədə hakimiyyətin zorla ələ keçirilməsi məqsədilə planlaşdırılmış işlərdə daha fəal iştirak etməsi, eləcə də lazım olan məbləğdə maliyyə vəsaiti ayırması barədə göstərişlərini ona çatdırmışdır.
     Fikrət Yusifov 2005-ci ilin avqust ayında Əli İnsanovla  əlaqə saxlayaraq Novxanı-Sumqayıt yolunun kənarındakı «Flaqman» restoranında görüşmüşdür. Söhbət zamanı Əli İnsanov dövlət mənafeləri əleyhinə yönəlmiş planları dəstəkləyərək hərtərəfli kömək edəcəyi barədə söz vermiş və Rəsul Quliyevi buna əmin etməyi Fikrət Yusifovdan xahiş etmişdir.
     Avqust ayının sonlarında Sankt-Peterburq şəhərində olarkən Fikrət Yusifov Rəsul Quliyevlə telefon əlaqəsi yaradaraq hakimiyyətin zorla ələ keçirilməsinə Əli İnsanovun tərəddüd etmədən istənilən maliyyə yardımını göstərməyə hazır olduğunu bildirmiş və Rəsul Quliyev öz növbəsində, Əli İnsanovdan 100 min ABŞ dolları almaq barədə tapşırıq vermişdir. Cari ilin sentyabr ayının axırlarında Bakıya qayıdan Fikrət Yusifov Əli İnsanovla yenidən görüşmüş və sabiq səhiyyə naziri bu işdə heç bir problem olmayacağını, lazım gəldikdə həmin məbləği dərhal çatdıracağını vəd etmişdir.
     Ertəsi gün, Əli İnsanov Fikrət Yusifova, axırıncının qohumu olan Səhiyyə Nazirliyinin İşlər İdarəsinin müdiri Arzu Ələkbərova vasitəsilə 100 min ABŞ dolları göndərmişdir.
     Fikrət Yusifov ifadəsində həmçinin göstərmişdir ki, Rəsul Quliyevin tapşırığına müvafiq olaraq 2005-ci il oktyabrın 10-da Sankt-Peterburqdan Bakıya qayıtdıqdan sonra qohumu Arzu Ələkbərovanın vasitəsilə Əli İnsanova onunla görüşmək istədiyini çatdırmış, sonuncu görüşün məqsədini başa düşdüyünə görə lazım olan məbləğin məktubla bildirilməsini təklif etmişdir. Fikrət Yusifov eyni məbləğdə pul ayrılmasının vacibliyini  Əli İnsanovun nəzərinə çatdırmış və oktyabr ayının 14-də Əli İnsanov  Arzu Ələkbərova vasitəsilə yenə də 100 min ABŞ dollarını Fikrət Yusifova göndərmişdir.
     Fikrət Yusifov həmin gün Rəsul Quliyevin telefonla verdiyi tapşırığa müvafiq olaraq pulun 50 min dollarını təyinatı üzrə göndərmiş, qalan 50 min dollarını isə növbəti tapşırıq verilənə kimi özündə saxlamışdır. 16 oktyabr 2005-ci il tarixdə Fikrət Yusifovun mənzilində aparılan axtarış zamanı 100 min avro ilə bərabər akşar edilmiş 60 min ABŞ dollarının 50 mini məhz Əli İnsanov tərəfindən verilən pul olmuşdur.
     İstintaq zamanı ifadə verən Səhiyyə Nazirliyinin İşlər İdarəsinin müdiri Arzu Ələkbərova Fikrət Yusifovun yuxarıda göstərdiklərini tam təsdiq etmişdir.
     20 oktyabr 2005-ci il tarixdə Əli İnsanov cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur.
     Eyni zamanda həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Əli İnsanovun rəhbərlik etdiyi Səhiyyə Nazirliyi sistemində tamah və sair şəxsi maraqlar üzündən vəzifədən sui-istifadə edilməsi, dövlət əmlakının mənimsənilməsi və israf olunması, lisenziyaların verilməsi zamanı külli miqdarda rüşvət alınması halını təsdiqləyən faktlar müəyyən edilmişdir.
     Bu əməllərin törədilməsi ilə əlaqədar, həmçinin Səhiyyə Nazirliyinin Əczaçılıq və Tibbi Texnika Şöbəsinin rəisi Akif Məhərrəmov da tutulmuşdur.
     İstintaqın gedişində aparılan axtarışlar zamanı Əli İnsanovun Cəfər Xəndan küçəsindəki şəxsi evindən, habelə bağlarından  1 milyon 289 min ABŞ dolları, 884 min avro, 25 kq çəkidə müxtəlif qızıl-briliant əşyaları və kərpiç formasında tökmə qızıl külçələri, çoxsaylı əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, 17 ədəd qiymətli rəsm əsəri, antik olması ehtimal edilən zinət əşyaları, Səhiyyə Nazirliyinin inzibati binasında yerləşən iş otağından 20 min ABŞ dolları və müxtəlif qiymətli əşyalar, Akif Məhərrəmovun mənzilindən 1 milyon 217 min ABŞ dolları, xidməti iş otağından isə 8 min 900 ABŞ dolları aşkar edilərək götürülmüşdür. Hazırda Səhiyyə Nazirliyi sistemində korrupsiya halları ilə bağlı müvafiq araşdırmalar aparılır.
     Törədilmiş cinayət əməllərinin bütün xüsusatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
                                            21 oktyabr 2005-ci il.