Axtarış

Virtual Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Avtomobili qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini S.Fərəczadə saxlanılmışdır
10 sentyabr 2021

Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də rayon ərazisindən “Volkswagen” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş S.Fərəczadə saxlanılmışdır.

Avtomobili qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri E.Sadıqov və T.Baloğlanov saxlanılmışlar
10 sentyabr 2021

Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-də şəhər ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakinləri E.Sadıqov və T.Baloğlanov saxlanılmışlar. 

115 metr dəmir borunu oğurlamağa cəhd göstərmiş Salyan rayonunun Çadırlı kənd sakinləri Ş.Abbaszadə və B.Məmmədov saxlanılmışlar
10 sentyabr 2021

Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində sentyabrın 10-da saat Çadırlı kəndi ərazisində Salyan Regional Qaz İstismarı İdarəsinə məxsus 115 metr dəmir borunu oğurlamağa cəhd göstərmiş kənd sakinləri Ş.Abbaszadə və B.Məmmədov saxlanılmışlar. 

Zərdab rayonunun Bıçaqçı kənd sakini A.Rzayevdən narkotik vasitələr aşkar edilərək götürülmüşdür
10 sentyabr 2021

Zərdab RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Bıçaqçı kənd sakini A.Rzayev tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu və yaşadığı evə baxış zamanı 139,79 qram marixuana aşkar edilərək götürülmüşdür. 

Masallı rayon sakini E.İsmayılovdan 410 qram marixuana aşkar edilərək götürülmüşdür
10 sentyabr 2021

Masallı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 410 qram marixuana aşkar edilərək götürülmüşdür. 

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
10 sentyabr 2021

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Sumqayıtdan Bakıya xırdatutumlu mikroavtobuslarda sərnişin daşıyan sürücülərin karantin qaydalarına əməl etmədikləri aşkar edilib
10 sentyabr 2021Polis əməkdaşları tərəfindən qapalı məkanlar və ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı  nəzarət-profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir bu gün Sumqayıt Şəhər Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Profilaktik tədbir zamanı tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb. Yoxlamalar nəticəsində taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən  sərnişinlər barədə də qanunauyğun tədbir görülüb.

Tədbir zamanı həmçinin Sumqayıt şəhərindən Bakıya xırdatutumlu mikroavtobuslar vasitəsi ilə sərnişindaşıma ilə məşğul olan sürücülər də tibbi maskadan istifadə etmədikləri üçün saxlanılıblar. Araşdırma zamanı həmin sürücülərin ümumiyyətlə sərnişindaşıma üçün müvafiq sənədlərinin olmadığı müəyyən edilib. Bu sürücülər barəsində qanuni tədbir görülməsi üçün onların sənədləri  Dövlət  Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşlarına təqdim edilib.

Tədbir zamanı Sumqayıt şəhərində qapalı məkanlar, iri ticarət mərkəzləri və digər ictimai iaşə obyektlərində də sanitar-karantin qaydalarına əməl olunmasına nəzarət polis əməkdaşları tərəfindən gücləndirilib. Aparılan yoxlamalar zamanı şəhər ərazisində yerləşən iri marketlərdən birində sanitar-gigeyenik qaydalara əməl olunmadığı, yəni müştərilərin obyektə daxil olan zaman onların hərarətinin ölçülmədiyi və əllərinin də dezinfeksiya olunmadığı aşkar edilib. Həmin obyekt barəsində polislər tərəfindən inzibati qaydada tədbir görülüb.

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində sanitar-karantin qaydalarına əməl olunmasına nəzarətin təmin olunması məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq polis əməkdaşları tərəfindən həyata keçiriləcək.
Xəzər rayonunda narkotiklərin satışı ilə məşğul şəxsdən 14 kiloqramdan artıq narkotik vasitə götürülüb
10 sentyabr 2021Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Şüvəlan və Mərdəkan qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Hüseynağa Qafarzadə saxlanılıb.

Belə ki, polislər tərəfindən tutulan zaman onun üzərindən 23 qram heroin və 2 qram psixotrop maddə olan metamfetamin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Hüseynağa Qafarzadənin Şüvəlan qəsəbəsində yaşadığı mənzilin zirzəmisindən əlavə 14 kiloqram marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmaları davam etdirilir. Narkotik vasitələrin Xəzər rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılmışdır
09 sentyabr 2021Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 56 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılmışdır.

Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində “Mitsubishi” markalı avtomobil nasaz vəziyyətdə dayanmış “Tofaş” markalı avtomobilə çırpılmışdır
09 sentyabr 2021Sentyabrın 9-da saat 20 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Qəhrəmanov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə nasaz vəziyyətdə dayanmış Əbülfət Ələsgərova məxsus “Tofaş” markalı avtomobili vurmuşdur. Nəticədə avtomobilin qarşısında dayanmış Ə.Ələsgərov hadisə yerində ölmüş, sərnişini E.Bayramova xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.