DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Azərbaycan Polisinin xalqa və dövlətçiliyə sədaqəti sarsılmazdır

02.07.2008

Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyəsiniz, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərəsiniz, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız. Mən bu sahədəki fəaliyyətdən razıyam. Demək olar ki, Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yarada bilər, nə də ki, başqa qeyri-qanuni birləşmələr mövcud deyildir. Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edəsiniz, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz. Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün əlinizdən gələni edəsiniz. Siz bu vəzifəni ləyaqətlə icra edirsiniz».

İlham ƏLİYEV

Daxili işlər orqanları - 90

Azərbaycan Polisinin xalqa və dövlətçiliyə sədaqəti sarsılmazdır

Daxili işlər naziri, general-polkovnik Ramil USUBOV:

"Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə böyük inkişaf yolu keçərək dövlətin mühüm təsisatı kimi formalaşmış və təşkilati cəhətdən möhkəmlənmiş daxili işlər orqanları bu gün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində fəaliyyətini daha da təkmilləşdirib, nailiyyətlərini artırıb"

Azərbaycan polisi 90 illik yubileyini böyük nailiyyətlər, xidməti uğurlar və ən əsası dövlətimizin və xalqımızın ona bəslədiyi yüksək etimad, etibar və inam işığında qeyd edir. Ölkədə sabitliyin əldə edilib möhkəmlənməsində, dövlətçiliyin qorunmasında, cinayətkarlıqla mübarizədə, kriminogen durumun nəzarətə götürülməsində müstəsna xidmətlər göstərmiş daxili işlər orqanları həm də milli maraqların ifadəçisi olmuşdur. Qarabağ savaşında sıralarından yüzlərlə şəhid vermiş, asayişin mühafizəsində və konstitusion-dövlət  quruluşunun qorunmasında fədakarlıqlar göstərmiş, hər zaman qətiyyətli mövqeyi, vətəninə, xalqına, prezidentinə sədaqətliliyi ilə seçilmişdir. Daha effektli xidmət, xalqa sıx bağlılıq, vəzifə andının layiqli icrası peşə bayramını qeyd edən polisimizin əsas fəaliyyət göstəricisidir. Bu gün vətəndaşlarımızın tam əminliklə "Mənim polisim məni qoruyur" - deməyə əsası var.

Həmsöhbətimiz daxili işlər naziri, general-polkovnik Ramil Usubov da qeyd edir ki, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçmiş daxili işlər orqanları xalq və dövlət qarşısında daşıdıqları hüquqi-mənəvi öhdəliklərin doğrulması üçün bundan sonra da layiqli xidmət göstərəcəklər.

- Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı olan daxili işlər orqanlarının keçdiyi şərəfli, eyni zamanda çətin, ziddiyyətli və fədakar yol tariximizin şanlı səhifələrindən birini təşkil edir. Müxtəlif ictimai formasiyalarda, siyasi quruluşlarda daxili işlər orqanları rəsmən fərqli adlar daşısa da, qanunun aliliyinə və  vəzifə səlahiyyətlərinin icrasına yönələn fəaliyyəti dəyişməz qalmışdır. Cənab nazir, polisin ötən 90 ildə keçdiyi yolu necə dəyərləndirərdiniz?

- Azərbaycan xalqı tariximizin ən əlamətdar mərhələlərini təşkil edən ildönümlər silsiləsini böyük sevinc hissi ilə qeyd edir. Dövlətçilik sələfimiz olan Xalq Cümhuriyyətinin, demokratiya rəmzinə çevrilən parlamentin, iftixar mənbəyimiz olan Silahlı Qüvvələrin 90 illik yubileyləri ulu öndər Heydər Əliyevin əbədi, daimi və dönməz etdiyi müstəqilliyimizin əsl təntənəsidir. Ali Baş Komandanımızın qüdrətli sərkərdə kimi qəbul etdiyi hərbi paradın möhtəşəmliyi isə hər bir vətəndaşımızın qəlbində hədsiz qürur və fəxr doğurur.

Müstəqilliyimizin etibarlı dayaqlarından, ictimai asayişin, təhlükəsiz həyatın, qanunçuluğun əsas təminatçılarından olan daxili işlər orqanlarının 90 illik yubileyi də yuxarıda sadaladığım bu mühüm tədbirlərin məntiqi davamıdır. Dövlətçilik tariximizin istiqlal rəmzlərindən olan, fəaliyyəti ilə böyük ictimai və dövləti əhəmiyyət kəsb edən polisin peşə bayramı onun ən yaxşı ənənələrinə, gecəli-gündüzlü gərgin əməyinə, xidməti vəzifə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olanların əziz xatirəsinə ehtiramın əyani təcəssümüdür. Fəxr edirik ki, ölkədə ictimai təhlükəsizliyi, əhalinin dincliyini, qanunçuluğu və hüquq qaydasını qorumaq kimi çətin və eyni zamanda məsul vəzifələri yerinə yetirən Azərbaycan polisi, bu tarixi günü qanuna, xalqa, dövlətə, öz Prezidentinə sədaqətli xidməti ilə qarşılayır.

Tarixi inkişaf yolunu çox çətin bir şəraitdə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 2 iyul 1918-ci il tarixli qərarı ilə yaradılmış asayişi mühafizə dəstələrinin fəaliyyətindən başlayan polis orqanları ilk müstəqil dövlətimizin formalaşmasında, milli maraqlarının qorunmasında mühüm rol oynamışdır. Polisi dövlətin zəruri təsisatlarından, mühüm sütunlarından biri adlandıran, onun xalq və Vətən qarşısındakı xidmətlərini həmişə yüksək dəyərləndirən əbədiyaşar rəhbərimiz Heydər Əliyev məhz bu tarixi faktı nəzərə alaraq iyulun 2-ni «Azərbaycan Polisi günü» elan etmişdir.

Demokratik Cümhuriyyətin süqutundan sonra SSRİ dövründə fəaliyyət göstərən milis  sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan dövlət təsisatı olsa da, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları böyük təcrübə qazanmış, yüksək bilik və peşəkarlıq əldə etmiş, təşkilati cəhətdən möhkəmlənmişdir. İkinci Dünya müharibəsi illərində Azərbaycan milisinin 800-ə yaxın əməkdaşı ön cəbhədə vuruşmuş, onların həmkarları isə respublikada asayişi və təhlükəsizliyi mərdliklə qorumuşlar. Göstərdikləri igidlik və qəhrəmanlıqlara görə minlərlə milis işçisi dövlətin orden və medallarına layiq görülmüşdür. Müharibədən sonrakı illərdə də asayiş keşikçləri cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin keşiyində qətiyyət nümayiş etdirmiş, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər.

Bütün bunlarla bərabər, Azərbaycanın daxili işlər orqanlarının əsl inkişafı, sözün tam mənasında, milliləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra Daxili İşlər Nazirliyinə də dövlət qayğısı güclənmiş, sıralarının saflaşdırılmasına, xalqa, vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi önəm verilmişdir.

Şəxsi heyətin milli dövlətçilik ideologiyasına söykənən prinsiplər əsasında formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə müasir silah və texnika ilə təchiz edilmiş erməni hərbi birləşmələrinə qarşı Vətənin müdafiəsinə ilk olaraq qalxan və uzun müddət rəşadətlə vuruşan yeganə nizami qüvvə məhz polis, sonrakı illərdə isə Daxili İşlər Nazirliyinin Daxil Qoşun hissələri oldu. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən bu döyüşlərdə igidlik, şücaət və əsl qəhrəmanlıq göstərən 933 əməkdaşımız və hərbi qulluqçumuz şəhid oldu və itkin düşdü, 1700 nəfərdən çoxu yaralandı.

1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş, öz tarixinin mürəkkəb dövrünə qədəm qoymuş Azərbaycanda, məlum olduğu kimi, qeyri-sabit ictimai-siyasi vəziyyət, insan hüquqlarının kütləvi şəkildə pozulması, hərc-mərclik, özbaşınalıq və s. bu kimi hallar dözülməz həddə çatmışdı. Qanunla nəzərdə tutulmayan çoxsaylı silahlı dəstələr və ayrı-ayrı silahlı şəxslər kriminogen durumu xeyli gərginləşdirmiş, əhalidə vahimə və qorxu yaratmışdı. Vəziyyəti daha təhlükəli edən məqam - respublikanın rəhbərliyinə təsadüfi, siyasi iradəsi, qətiyyəti olmayan şəxslərin gəlməsi, onların yaranmış vəziyyətdən çıxış yolu tapa bilməməsi  və bunun məntiqi nəticəsi kimi xalqın dövlət orqanlarına inamını itirməsi idi.

Ümumi dağıdıcı proseslər daxili işlər orqanlarında da cərəyan edirdi. Əslində, cinayətkarlıqla mübarizə aparmalı, hüquq qaydasını qorumalı olan bu dövlət qurumu siyasi oyunlara cəlb edilmiş, belə anormal vəziyyətə etiraz edən peşəkarlar işdən kənarlaşdırılmışdı. Polisə səriştəsiz, yararsız, onun adına ləkə gətirən, cinayətkarlığa qarşı mübarizədə heç bir təcrübəsi və bacarığı olmayan şəxslər qəbul edilərək rəhbər vəzifələrə irəli çəkilmişdi. Onların arasında qanunlara hörmətsizlik, insanları incitmək və qorxu içində saxlamaq, günahsız vətəndaşlara qarşı silah işlətmək və cinayət törətmək adi hal almışdı. Nəticə etibarı ilə dövlətin digər institutları kimi daxili işlər orqanlarının nüfuzu da heçə enmiş, respublikada cinayətkarlıq kəskin surətdə artmışdı.

Siyasi-kriminal proseslərin kulminasiya nöqtəsinə çatdığı bir zamanda, artıq səbr kasası dolmuş xalq düçar olduğu fəlakətli vəziyyətdən qurtulmaq üçün öz yeganə ümidgahı, ürəyi daim Vətən və millət yanğısı ilə döyünən Heydər Əliyevə üz tutaraq onu təkidlə Azərbaycana rəhbərliyə dəvət etdi. 1993-cü il iyunun 15-də respublikaya qayıdışı ilə xalqın və ölkənin gələcəyinə görə ağır bir məsuliyyəti öz çiyinlərinə götürən Heydər Əliyev qüdrətli və sarsılmaz iradəsi, siyasi uzaqgörənliyi və böyük nüfuzu ilə dağılmaq və az qala tarixin səhnəsindən silinmək təhlükəsi ilə üzləşmiş müstəqil Azərbaycanı xilas etdi, dövləti və xalqı qaranlıqdan aydınlığa çıxardı, ona qurtuluş gətirdi.

- Heydər Əliyevin xilaskarlıq missiyası daxili işlər orqanlarında hansı proseslərlə müşayiət olundu?

- Hakimiyyətə gəlişinin ilk günlərindən ümummilli lider qanunçuluq və dövlətçilik prinsiplərini ön plana çəkdi, ölkədə hökm sürən hərc-mərcliyə və özbaşınalıqlara qarşı mübarizənin möhkəm təməlini qoydu. Özünün dahiyanə siyasi gedişləri ilə qısa zaman kəsiyində dövlətin taleyüklü problemlərini həll edərək vətəndaş müharibəsinin, separatçılıq təzahürlərinin, erməni təcavüzünün genişlənməsinin qarşısını aldı. Cəbhə xəttində atəşkəsə nail oldu, cəmiyyətin demokratik və bazar iqtisadiyyatı prinsipləri əsasında inkişafı üçün zəmin yaratdı.

Sözsüz ki, müstəqil Azərbaycanın tarixində Heydər Əliyev mərhələsinin, böyük quruculuq dövrünün başlanması daxili işlər orqanlarının fəaliyyətində də öz əksini tapdı. İlk növbədə şəxsi heyətin sıraları təmizləndi, əsl peşəkarlar xidmətə qaytarıldı, ölkədə tüğyan edən cinayətkarlığa qarşı ixtisaslı mübarizənin aparılması üçün zəruri olan kadr potensialı, işgüzar  ab-hava yaradıldı.

Ulu öndərimizin hakimiyyətə gəlişi ilə kriminogen durumda köklü müsbət dəyişikliklər baş verdi. Dövlət başçımızın 1994-cü ildə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərmanla ölkədəki mütəşəkkil cinayətkarlıqla mübarizənin başlanğıcı qoyuldu. Məhz Heydər Əliyevin rəhbərliyi və nəzarəti altında görülən qətiyyətli tədbirlərlə hüquq-mühafizə orqanları mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyllərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu mübarizəyə başladılar. İctimai-siyasi proseslər, həmçinin kriminogen durum nəzarət altına alındı. Bunun bariz göstəricilərindən biri o oldu ki, asayişin etibarlı təmini, cinayətkarlıqla mübarizənin nəticələri baxımından Azərbaycan artıq uzun illərdir ki, nəinki MDB, həmçinin Şərqi Avropa məkanında ən təhlükəsiz və cinayətkarlıqla mübarizədə ən yüksək göstəriciləri olan ölkələrdən biridir.

Cinayətkarlığın dinamikasının statistik müqayisəsi bu sahədə baş verən müsbət dəyişiklikləri tam aydınlığı ilə əks etdirir. Xaos dövrü kimi səciyyələndirdiyimiz 1992-ci ildən 2004-cü ilədək ölkədə qeydə alınan cinayətlərin açılması 61 faizdən 94.2 faizə qədər yüksəlmişdi. Bununla yanaşı bağlı qalmış cinayətlərin sayı 10,6 dəfə, ümumi cinayətkarlıq isə 32,3 faiz azalmışdı. Cinayətin ayrı-ayrı növləri - qəsdən adamöldürmələr 3,1 dəfə, quldurluq və soyğunçuluqlar 4,1 dəfə, oğurluqlar 4.6 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 13,4 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 10.8 dəfə, yeniyetmələr arasında cinayətkarlıq 2,2 dəfə, yol-nəqliyyat hadisələri 24,1 faiz o cümlədən, bu hadisələrdə ölənlərin sayı 42,8 faiz, xəsarət alanlar isə 21,6 faiz azalmışdı. Qeyd edilən müddətdə məhkəmə və istintaq orqanlarından gizlənən cinayətkarların tutulması 3.6 dəfə, qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin miqdarı 3.4 dəfə artmışdı. Təxminən 10 il ərzində daxili işlər orqanları tərəfindən əhalidə qanunsuz saxlanılan 30 mindən artıq silah yığılmışdı. Hər il orta hesabla 1000-dən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdi.

Bütün bunlar yalnız Heydər Əliyevin polad iradəsi, fenomenal peşəkarlığı, qətiyyəti və yüksək idarəçlik bacarığı sayəsində mümkün olmuşdur. Daxili işlər orqanlarının fəaliyyətini düzgün istiqamətə yönəldən, onu xalqa və dövlətə xidmət üçün səfərbər edən ulu öndərimiz nəticədə istəyinə çatdı. Daxildən saflaşan, təmizlənən Azərbaycanın daxili işlər orqanları, onun ayrılmaz hissəsi olan Daxili Qoşunlar Prezidentin inamını doğrultdu və ölkədə həyata keçirilən uğurlu islahatlar siyasətinin təhlükəsizliyinin təminatçılarından biri oldu.

Cəmiyyətdə ictimai-siyasi sabitlik, əmin-amanlıq tam bərpa edilərək dönməz xarakter aldı, kriminogen durum nəzarətə götürüldü. İnsanların polisə və bütövlükdə dövlət strukturlarına inamı və etimadı artdı. Sonrakı dövrlərdə daxili işlər orqanlarının normativ-hüquqi bazasının və təşkilati əsaslarının yaradılması üçün qanunlar qəbul edildi, fərmanlar, sərancamlar verildi. Nazirlik sistemində müasir dövrün tələblərinə uyğun islahatlar aparılaraq yeni struktur qurumlar yaradıldı, daxili işlər orqanları əməkdaşlarının sosial müdafiəsinə yönəlmiş bir sıra fərman və sərəncamlar imzalandı.  

Əldə edilən nailiyyətləri polisin 80 illiyi münasibətilə şəxsi heyətə ünvanladığı təbrikdə dahi rəhbərimiz belə vurğulamışdı: “Azərbaycan polisi dövlətçiliyimiz əleyhinə yönəlmiş cinayətkar qəsdlərin və başqa qeyri-konstitusion əməllərin, vətəndaş qarşıdurmasının, kütləvi və mütəşəkkil cinayətkarlıq təzahürlərinin, cəzasızlıq mühitinin aradan qaldırılmasında önəmli xidmətlər göstərmişdir... Əlamətdar haldır ki, daxili işlər orqanlarının şəxsi heyəti bütün bu proseslərdə Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarını, özlərinin vətəndaşlıq borclarını və xidmətin mənafeyini hər şeydən üstün tutmuşdur”.

Ümummilli liderin daxili işlər orqanlarının xidmətlərinə verdiyi bu yüksək qiymətin məsuliyyətini, eləcə də gələcəyə ünvanlanmış strateji vəzifələr olduğunu aydın dərk edən şəxsi heyətimiz həmin əlamətdar gündən ötən 10 il ərzində də fədakarlıqla çalışmış, əldə olunmuş uğurları qoruyub-saxlamışdır.

- Azərbaycanın ilbəil artan iqtisadiyyatı, iqtisadi potensialı baxımından bu gün daxili işlər orqanlarına dövlət qayğısı özünü necə göstərir?  

- Mən bu suala bir qədər ətraflı cavab vermək istərdim. Danılmaz faktdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti, müvəffəqiyyətlə davam etdirdiyi Heydər Əliyev inkişaf strategiyası ölkəmizin iqtisadi potensialını, əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltmiş, sosial tərəqqiyə xidmət edən mükəmməl proqramların yerinə yetirilməsində böyük uğurlar əldə edilmişdir.

Dövlət başçımızın təbirincə desək, biz bu nəticələri təkcə statistik rəqəmlərdə deyil, real həyatda, xalqın rifahında, şəhər və rayonların abadlaşmasında, bölgələrdə yaradılan ən müasir infrastrukturlarda görürük. Bütün bunların əsasında isə ölkədə mövcud olan ictimai-siyasi sabitlik dayanır - onun qorunub-saxlanılması, möhkəmləndirilməsi və daimiliyinin təmin edilməsi daxili işlər orqanlarının başlıca vəzifəsi olmaqla, bu istiqamətdə aidiyyəti dövlət strukturları ilə birgə çox ciddi iş aparılır. Eyni zamanda, qarşımızda ümummilli liderimizin və möhtərəm Prezidentimizin tələbi olan cinayətkarlıqla, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizənin daha effektli aparılması, Konstitusiyaya, qanunçuluğa ciddi əməl edilməsi, dövlətin maraqlarının etibarlı qorunması, ölkədəki əlverişli investisiya iqliminin davamlı olması üçün asayişin mühafizəsinin peşəkarlıqla həyata keçirilməsi, şəxsi heyətin nizam-intizamının gücləndirilməsi, polis-vətəndaş münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması kmi vəzifələr də durur. Əlbəttə ki, bu tapşırıqların yerinə yetirilməsi, qanunla müəyyən edilmiş funksiyaların uğurla həyata keçirilməsi üçün dövlətimizin başçısı tərəfindən ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət qayğısı daha böyük həssaslıqla davam etdirilərək hər cür imkan və şərait yaradılmışdır. Bu mənada, zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildə qəbul olunmuş “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair” Dövlət Proqramı müasir dövrün tələbinə uyğun islahatların aparılmasında, maddi-texniki bazanın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Proqram əsasında həyata keçirilən tədbirlər çərçivəsində Nazirliyin strukturunda Daxili Təhlükəsizlik, İnsan Alverinə Qarşı Mübarizə, Miqrasiya, Korrupsiya Cinayətləri üzrə Əməliyat-Axtarış Tədbirləri idarələri təsis olunmuşdur. Vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, eləcə də ictimaiyyətlə əlaqələrin daha effektli təşkili məqsədilə 102 Xidməti, “Qaynar xətt”, internet saytı, elektron poçt ünvanı və s. yaradılmışdır. Əməliyyat-xidməti fəaliyyətdə, təlimdə və təhsildə böyük əhəmiyyət kəsb edən xüsusi texnika, avadanlıq və vasitələr alınmış, yeni informasiya sistemlərinin tətbiqinə başlanılmışdır. Bir çox struktur qurumlar üçün inzibati binalar inşa edilmiş, avtomobil parkı xeyli genişləndirilmiş və müasirləşdirilmişdir. Yüksək ixtisaslı hüquqşünas kadrlar hazırlamaq məqsədilə Polis Akademiyasında beynəlxalq tələblər səviyyəsində hərtərəfli islahatlar aparılmış, nəzəriyyə və təcrübənin uzlaşdırılması işinə diqqət artırılmışdır. Eyni zamanda, tədris olunan fənlərin mükəmməl öyrənilməsi üçün müasir elmi-metodik kabinetlər, laboratoriyalar, kriminalistik təlim otaqları və s. yaradılmışdır. 

Ali Baş Komandan İlham Əliyevin  xüsusi diqqət və qayğısı, bununla bərabər ciddi tələbkarlığı sayəsində DİN-in Daxili Qoşunları da yüksək hazırlıqlı mobil hərbi quruma çevrilmişdir. Hərbi hissələrdə əsgər və zabitlər üçün hər cür şərait yaradılmış, yüksək standartlara cavab verən yataqxana korpusları, məişət obyektləri, hərbi şəhərcikləri və s. tikilərək istifadəyə verilmişdir.

Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla şəxsi heyətin vəzifə və rütbəyə görə maaşları, habelə digər təminat xərcləri ardıcıllıqla artırılmışdır. Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş qanunla «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə», «Polis veteranı» və “Azərbaycan Polisinin 90 illiyi” medalları təsis olunmuş, rəis və sıravi heyətin geyim formasının və fərqlənmə nişanlarının yeni nümunələrinin təsviri təsdiq edilmiş, «Daxili İşlər Nazirliyinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması  haqqında» Fərman imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə cinayətlərin qarşısının alınmasında və açılmasında, ictimai qaydanın qorunmasında, təhlükəsizliyin təmin edilməsində xüsusi rolu olan yüzlərlə əməkdaşımız  dövlət mükafatları ilə təltif olunmuş, bir sıra rəhbər vəzifəli şəxs ali rütbələrə layiq görülmüşdür.

Uzun illər orqanlarda sədaqətlə xidmət etmiş, dəyərli ənənələr yaratmış veteranlarımızın, Vətən uğrunda və xidməti borcunu yerinə yetirərkən sağlamlığını itirmiş əməkdaşlarımızın, şəhid olmuş silahdaşlarımızın ailələrinin sosial müdafiəsi də diqqət mərkəzində saxlanılmışdır. Fəxrlə deyə bilərəm ki, ulu öndərin ideallarını müvəffəqiyyətlə reallaşdıran ölkə rəhbərinin böyük qayğısı Daxili İşlər Nazirliyi sistemində fəaliyyətin canlanması üçün mühüm stimul olmuş, professionallığın yüksəlməsində, qanunçuluğun və daxili təhlükəsizliyin möhkəmlənməsində, bütövlükdə qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsində əvəzsiz rol oynamışdır.
Onu da qeyd etmək istərdim ki, dövlət başçısının ali diqqəti məsuliyyətimizi daha da artırır, şəxsi heyəti daha böyük səy və əzmkarlıqla işləməyə sövq edir. Ali Baş Komandanın yüksək etimadına, qarşımızda müəyyənləşdirdiyi tələblərə məsuliyyətli işimiz, səmərəli fəaliyyətimizlə cavab verməyə çalışır, bunu əsas vəzifəmiz sayırıq. Qarşıda duran məqsədlərə nail olmaq, xalqın daha böyük etimadını qazanmaq üçün, ilk növbədə, polisin sosial funksiyalarını effektli yerinə yetirməyə imkan verən yeni iş metodlarını tətbiq edir, hüquqazidd əməllərin qarşısının alınmasında, ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələri möhkəmləndirir, bütün sahələrdə beynəlxalq təcrübəyə uyğun islahatlar həyata keçiririk. Digər tərəfdən, şəxsi heyətin professional hazırlığının, mənəvi dəyərlərə ciddi riayət ruhunda tərbiyə olunması işinin, əhalinin müxtəlif təbəqələri və kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində də fəal iş aparırıq.

Bütün bunların nəticəsidir ki, fəaliyyətimizin göstəriciləri də ildən-ilə yaxşılaşır. Ötən müddətdə respublikanın daxili işlər orqanları tərəfindən ölkədə asayişin mühafizəsi, ağır, habelə geniş ictimai əks-səda doğurmuş cinayətlərin açılması, axtarışda olanların tapılıb-tutulması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri uğurlu olmuşdur.

Sözsüz ki, respublikada hüquq qaydasının təmini işində qazanılan uğurların arxasında müxtəlif çətin şəraitlərdə xidmət aparan, vətəndaşların qanuni mənafelərini cinayətkar qəsdlərdən qoruyan, zəruri anda xidməti borcunu hər şeydən, hətta həyatından belə üstün tutan asayiş keşikçilərinin gərgin səyi və əzmkarlığı dayanır. Şəxsi heyətin doğma Vətənin tərəqqisi, vətəndaşlarımızın və gələcək nəsillərin xoşbəxtliyi naminə bütün qüvvəsini həsr etməyə, bu yolda canını belə əsirgəməməyə hazır olduğunu keçdiyimiz tarixi yolun özü təsdiqləyir. Müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə və asayişin qorunmasında 82 əməkdaşımızın həlak olması, 1300 nəfərin xəsarət alması bunun əyani sübutudur. 

Respublikada əmin-amanlığın təmin edilməsində xüsusi xidmətlərinə, dövlət quruluşunun müdafiəsində fəal iştiraklarına, qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən cəsarət göstərdiklərinə görə Ulu Öndər və cənab İlham Əliyev tərəfindən yüzlərlə polis əməkdaşı və Daxili Qoşun hərbi qulluqçusu dövlət mükafatlarına, o cümlədən 67 nəfər “Milli Qəhrəman” adına layiq görülmüşdür. Peşə bayramımız ərəfəsində Möhtərəm Prezidentimizin imzaladığı sərəncamlarla xidməti vəzifələrin yerinə yetirilməsində xüsusilə fərqlənən bir qrup əməkdaşımız dövlət mükafatları ilə təltif olunmuş, fəxri adlar almış, bir neçə nəfərə ali xüsusi rütbələr verilmişdir.
Ötən il Möhtərəm Prezidentimizin dediyi bir fikri xatırlatmaq istəyirəm: “Bu gün Azərbaycan polisi öz vəzifə borcunu layiqincə icra edir. Azərbaycanın hərtərəfli inkişafında, ictimai asayişin qorunmasında, sabitliyin saxlanılmasında çox önəmli rol oynayır. Azərbaycanın iqtisadi potensialının artması ölkədə bərqərar olunmuş sabitliyin nəticəsidir. Bu başlıca şərtdir. Sabitlik, ictimai təhlükəsizlik olmayan ölkədə nə siyasi, nə də iqtisadi inkişafdan söhbət gedə bilməz. Mən Azərbaycan polisini dəstəkləyirəm, polisin inkişafı üçün bütün lazımi tədbirləri görürəm, həm polisin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün, həm sosial problemlərinin həlli üçün və həm də cəmiyyətdə nüfuzunun qaldırılması üçün”.

Peşə bayramımız ərəfəsində möhtərəm Prezidentimizin imzaladığı sərəncamlarla xidməti vəzifələrin yerinə yetirilməsində xüsusilə fərqlənən daha 65 əməkdaş dövlət mükafatları ilə təltif olunmuş, o cümlədən fəxri adlar almış, 4 nəfərə ali xüsusi rütbələr verilmişdir. Bununla bərabər, Daxili İşlər Nazirliyi sistemi əməkdaşlarının, hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aylıq pul təminatları artırılmışdır.  

Möhtərəm Prezidentimizin bu ali diqqətinə cavab olaraq sıravidən generaladək hər bir əməkdaş dövlətin maraqlarının, insanların həyatının, hüquq və azadlıqlarının qorunması, xalqın daha böyük inam və etimadının qazanılması üçün xidməti borcdan irəli gələn məsuliyyəti bir an belə unutmur, öz andına sadiq qalaraq vətənə, dövlətə və dövlətçiliyə layiqincə xidmət etmək üçün var qüvvəsi ilə çalışır. 

- Cənab nazir, daxili işlər orqanlarının şəxsi heyəti peşə bayramını hansı əhval-ruhiyyə ilə qeyd edir?

- Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, vətəndaşlarımızın firavan yaşayışını özünün başlıca amalı hesab edən Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşən xalqımız, eləcə də onun ayrılmaz hissəsi olan daxili işlər orqanlarının şəxsi heyəti tam əmindir ki, dövlətimizin başçısı Azərbaycanı ulu öndərin müəyyən etdiyi yolla daha işıqlı sabahlara aparır. Yeni, inkişaf etmiş müasir Azərbaycanın qurulması məqsədilə dövlət başçımızın cəmiyyətdə sabitliyin və əmin-amanlığın daimiliyinin təmin edilməsi üzrə həyata keçirdiyi möhtəşəm tədbirlər, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, regionun lider dövlətinə çevrilməsi hər birimizdə böyük qürur hissi və fəxr doğurur. Biz də öz peşə bayramımızı ölkə həyatının bütün sahələrini əhatə edən dəyişikliklər, respublikamızın dünyada analoqu olmayan iqtisadi yüksəlişi və sosial tərəqqisi şəraitində qeyd edirik.

Əlamətdar peşə bayramımız - Azərbaycan Polisinin yaranmasının 90 illik yubileyi münasibətilə əməkdaşlarımızı, hörmətli veteranlarımızı, şəhid polislərin ailə üzvlərini ürəkdən təbrik edirəm. Bütün şəxsi heyət adından xalqımızı, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevi əmin edirəm ki, daxili işlər orqanları bundan sonra da Vətəninə ləyaqətlə xidmət edəcək, qanunla müəyyən edilmiş vəzifələri, qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirəcək, öz andına sadiq qalaraq sabitliyin və hüquq qaydasının keşiyində ayıq-sayıq dayanacaqdır!

Müsahibəni apardı:
İxtiyar HÜSEYNLİ,
“Azərbaycan”

Ən son press-relizlər