Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

2020-ci ilin 1-ci yarımili üzrə təhlil


2020-ci ilin 1-ci yarımilliyində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair təhlil


Azərbaycan Respublikası cinayətkarlığa qarşı mübarizənin, ictimai asayişin təmin edilməsinin vəziyyəti baxımından ictimai təhlükəsizliyin və əmin-amanlığın yüksək səviyyədə olduğu dövlət imicini bu gün də qoruyub saxlamaqdadır. Kriminogen durumun fasiləsiz izlənilməsinin nəticəsi olaraq, cinayətkarlığın strukturu və dinamikasında mövcud olan müsbət təmayüllər ötən 6 ayda daha da yaxşılaşmışdır.     
Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 13310 (2019-cu ilin müvafiq dövrü ilə müqayisədə - 224 və ya - 1,7%) cinayət qeydə alınmışdır. Onların 94,7 %-i və ya 12602-si daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olmuşdur. Bu cinayətlərin 87,2 faizini böyük ictimai təhlükə törətməyən (3519) və az ağır (7465), yalnız 12,8%-ni (1618) ağır və  xüsusilə ağır cinayətlər təşkil etmişdir.
Qeydə alınmış cinayətlərin strukturunda 2621-i (ötən ilin 1-ci yarısı ilə müqayisədə 54 və ya 2% az) şəxsiyyət əleyhinə, 5016-sı (-244; -4,6%) iqtisadi sahədə törədilən, onlardan 4851-i (-243; -4,8%) mülkiyyət əleyhinə, 4528-i (+509; +12,7%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 434-ü (-22; -4,8%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.
Cinayətlərin açılması yaxşılaşaraq 83,2 faiz təşkil etmişdir. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin (+4,3%), quldurluqların (+11,4%), xuliqanlıqların (+2,8%) və narkotik vasitələrlə bağlı cinayətlərin (+2,3%) açılması yaxşılaşmışdır. Müvafiq tədbirlərin məntiqi nəticəsi olaraq, qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması yaxşılaşmaqla 88,9 faizə (+8,4%)  yüksəlmişdir.
Şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürmələr 6% (-5), adam öldürməyə cəhdlər 16,3% (-7), mülkiyyət əleyhinə cinayətlərdən mənzil və şəxsi evlərdən oğurluqlar 6,8% (-86), dələduzluqlar 25% (-276), mənimsəmə və ya israf etmələr 48,7% (-37), qaçaqmalçılıq 6,5% (-6), xuliqanlıqlar 27% (-93), ekolojı cinayətlər 18,6% (-24) fakt azalmışdır.  
Eyni zamanda, ictimai yerlərdə baş verən cinayətlərin sayında 21,5% (478-375) azalma müşahidə olunur.  
Qeyd olunmalıdır ki, zorakılığla bağlı törədilmiş cinayətlərin ümumi sayı 3017 təşkil edərək, ötən illə müqayisədə 125 fakt (-4%) azalmışdır. Bunlardan qadınlara qarşı törədilmiş faktların sayı 1116 (-123; -9,9%) təşkil etmişdir.
Pandemiya (Koronavirus COVİD-19) dövründə ailə-məişət zəminində baş verən hüquqpozmalara vaxtında və operativ reaksiyanın verilməsi, eyni zamanda cəmiyyəti narahat edən belə neqativ hallara qarşı aparılan məqsədyönlü profilaktik iş sayəsində müsbət nəticələr əldə etmək mümkün olmuş və bu yönümdə keçirilən tədbirlər davam etdirilir. 
Bunun nəticəsidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 (-6,2%) fakt azalmaqla cari ilin birinci yarısında ailə münaqişəsi zəminində respublika üzrə 607 cinayət törədilib ki, bunun da 245-i (-13 və ya -5%) Bakı şəhərinin payına düşür. 
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də səmərəli olmaqla, əsas diqqət qeyri-leqal dövriyyədən daha böyük çəkidə narkotik vasitələrin çıxarılmasına yönəlmişdir. Nəticədə narkotiklərlə əlaqədar müəyyən edilmiş 2785 (+475), o cümlədən onların satışı ilə bağlı 913 (+206) fakt üzrə cinayətkarlardan ötən ilin 6 ayı ilə müqayisədə 256,5 kiloqram çox, bütövlükdə 1 ton 67 kiloqram narkotik vasitə götürülmüşdür. Həmçinin ümumi çəkisi 91 tona yaxın olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilmişdir.
Bu növ cinayətləri törətmiş 1840 nəfərdən 1226-sı (66,6%) əmək qabiliyyətli işləməyən və oxumayan, 541-i (29,4%) əvvəllər cinayət törətmiş şəxs, 36-sı (2%) qadınlardır.
İnsan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülən işlər də qənaətbəxşdir. Hesabat dövründə 116 (+1) insan alveri cinayəti müəyyən edilmiş, 1 cinayətkar qrup zərərsizləşdirilmişdir. Bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı çərçivəsində 22 (-19) nəfər məhkəmə məsulliyətinə verilmiş, insan alverinin qurbanı olmuş 57 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilmişdir.
Prokurorluq orqanları ilə birgə davam etdirilən istintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 241, o cümlədən 36 ağır və xüsusilə ağır cinayət açılmışdır.
Cinayətə görə məsuliyyətin labüdlüyünün təmini işi də nəzarətdə saxlanılmışdır. Məhkəmədən, istintaq və təhqiqat orqanlarından yayınan 1821 (-31), o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 241 (-25) təqsirləndirilən şəxs tutulmuşdur.
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa elan edilmiş 47 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 23 şəxsin yeri müəyyən olunmuşdur. Bütövlükdə, axtarış işinin nəticələri 59,5 faiz təşkil etmişdir.

Xidməti fəaliyyətdə böyük əhəmiyyət kəsb edən mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 438 (+14), o cümlədən ağır və xüsusilə ağır cinayət törətmiş 103 (+25) kriminal qrup zərərsizləşdirilmişdir. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 86 (+21) nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir.
Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılmışdır. Müvafiq fəaliyyət çərçivəsində müxtəlif cinayətlər törətmiş 6765, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1140 nəfər məhkəmə məsuliyyətinə cəlb edilmişdir.


Paytaxt – Bakı şəhəri

Bakı şəhəri digər MDB ölkələrinin paytaxtları ilə müqayisədə ən təhlükəsiz şəhərlərdən biri sayılır.
Hazırda paytaxt əhalisinin sayı 3 milyona yaxındır (rəsmi qeydiyyatda olanlar).
Şəhərdə ictimai asayişin vəziyyətinə nəzarətin fasiləsiz həyata keçirilməsi “Təhlükəsiz şəhər” Sistemi tərəfindən təmin olunmuş, yol hərəkəti təhlükəsizliyi və qaydalarına riayət olunması yönümündə texniki nəzarət vasitələrinin tətbiqi genişləndirilmiş, yeni kameralar quraşdırılaraq müvafiq texniki vasitələrin sayı 6913-ə çatdırılmışdır. 
Əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində müsbət nəticələr əldə edilmiş, xüsusilə respublika və beynəlxalq əhəmiyyətli kütləvi tədbirlərdə, o cümlədən Koronavirus COVİD-19 pandemiyası ilə bağlı ictimai asayişin və ictimai təhlükəsizliyin təmini sahəsində vəzifələr layiqincə yerinə yetirilmişdir.
2020-ci ilin 6 ayı ərzində Azərbaycan Respublikasında daxili işlər və prokurorluq orqanları tərəfindən qeydiyyata alınmış 12602 cinayətin 5362-si və ya 42,5%-i ölkə paytaxtı Bakı şəhərinin payına düşür.  
Qeydiyyata alınmış cinayətlərin 85,3%-ni az ağır və böyük ictimai təhlükə törətməyən, yalnız 14,7%-ni ağır və xüsusilə ağır növlər təşkil edir. 2019-cu illə müqayisədə ümumi cinayətlərin sayında 2,4%, adam öldürməyə cəhdlər üzrə 36,8%, qəsdən adam öldürmələrdə 37,8%, qəsdən sağlamlığa ağır zərər vurmalar üzrə 12,9%, mülkiyyət əleyhinə olan cinayətlərdə 10,0%, onlardan dələduzluqlarda 36,6%, ekoloji cinayətlərdə 2 dəfə, xuliqanlıqlarda isə 2,2 dəfə azalma dinamikası mövcuddur. 
Qeyri-aşkar şəraitdə törədilən cinayətlərin 65,4%-nin açılması təmin edilmişdir. Şəxsiyyət əleyhinə olan cinayətlərin 94,8%-i, onlardan zorlama cinayətlərindən 80%-i, qəsdən adam öldürmələrin 89,3%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 94,8%-i açılmışdır.
Xarici vətəndaşlara qarşı törədilən cinayətlərin dinamikası sabit qalmışdır. Onların xüsusi çəkisi Bakı şəhəri üzrə cəmi 1 faiz təşkil etmişdir. Araşdırılan bu növ 52 hüquqpozmadan 43-ü və ya 82,7%-nin açılması təmin edilmişdir. Həmin cinayətlərdən 27-si və ya 62,7%-i az ağır və böyük ictimai təhlükə törətməyən, o cümlədən 4 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma faktlarından ibarətdir.  
Zorakılığ cinayətlərinin ümumi sayı 1134 təşkil edərək, ötən illə müqayisədə 117 fakt (-9,4%) azalmışdır. Bunlardan qadınlara qarşı törədilmiş faktların sayı 517 (-25; -4,6%) təşkil etmişdir. 
İctimai yerlərdə törədilən cinayətlər də 35,1% azalaraq 166 fakt (93-küçə, meydan, parkda, 73-ü digər ictimai yerdə, onlardan 2-si ictimai nəqliyyatda) olmuşdur.
Prokurorluq orqanları ilə birgə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 143, o cümlədən 29 ağır və xüsusilə ağır cinayət açılmışdır.
Aparılan əməliyyat tədbirləri ilə dövlət iqtisadiyyatına təhlükə yaradan 11 saxta pul hazırlama və satma cinayət faktları aşkarlanmışdır.
Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılaraq, ağır və xüsusilə ağır cinayət törətdiyinə görə 129 təqsirləndirilən şəxs tutulmuşdur. 


                                    Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi