Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərinin məlumatı

26.04.2021 19:36

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəsüflər olsun ki, bəzi şəxslərin nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.
Bu gün Ağcabədi rayon sakinləri Şahin Verdiyev, qardaşı Aydın və Firdovsi Quliyev nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərərkən minaya düşmüşlər. Partlayış nəticəsində Ş.Verdiyev hadisə yerində ölmüş, digər iki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətlərilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişlər. 
Hadisə yerinə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu çıxaraq zəruri prosessual istintaq-əməliyyat tədbirləri aparılmış, eləcə də müvafiq ekspertlərin və mütəxəssislərin iştirakı ilə baxış keçirilmişdir.
Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanılmışdır.
İlkin araşdırmalarla mərhum Şahin Verdiyevin bu il martın 30-da işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılması və Ağdam Rayon Məhkəməsinin qərarı ilə 16 sutka inzibati qaydada həbs edilməsi müəyyən edilmişdir.
Vətəndaşlarımızı bu kimi hallardan nəticə çıxartmağa, həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq.