Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Yanvarın 15-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 4 nəfər barəsində inzibati həbs, 2645 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.
Eyni zamanda ev şəraitində müalicə təyin edilən 8 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Yardımlı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər.
Əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş Elməddin Əliyev müəyyən olunaraq saxlanılıb.
Davam etdirilən tədbirlərlə ondan ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə, o cümlədən 32 kiloqram 155 qram tiryək və 4 kiloqram 330 qram heroin aşkar edilərək götürülüb.Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 44 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Yanvarın 15-də saat 13 radələrində Daşkəsən rayonunun Aşağı Daşkəsən qəsəbəsi ərazisində Gədəbəy rayon sakini A.Qənbərov idarə etdiyi “MAZ” markalı avtomobili aşırmışdır. Nəticədə sərnişini Ş.Süleymanov aldığı hadisə yerində ölmüş, özü xəstəxanaya yerləşdirilmişdir.
Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.
Yanvarın 15-də saat 19 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Çinarlı qəsəbə sakini V.Teymurov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Aşağı Seyfəli kənd sakini N.Məmmədovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Köhnə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 410 qram heroin aşkar edilərək götürülmüşdür.
Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 8 avtomobildən maqnitofon, səsgücləndirici və sənəd oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Sultanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan bıçaq aşkar edilərək götürülmüşdür.