Qəza törədərək hadisə yerindən yayınan Bakı şəhər sakini M.Abbasov saxlanılmışdır
18.02.2019Fevralın 15-də saat 20 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisindən qəsəbə sakini Ə.Rəhimovun xəsarətlə xəstəxanaya gətirilməsi barədə 14-cü Polis Şöbəsinə məlumat daxil olmuşdur.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür. Araşdırmalarla Ə.Rəhimovun qəsəbə ərazisində yolu keçərkən avtomobillə vurulması məlum olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib. Qəza törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini M.Abbasov polis əməkdaşları tərəfindən saxlanılmışdır.Araşdırma aparılır.